Sosial Özəl

Satışdakı əlavə dərs materiallarının pulsuz alternativləri də var — Şagirdlər yönləndirilməlidir

Satışdakı əlavə dərs materiallarının pulsuz alternativləri də var — Şagirdlər yönləndirilməlidir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli bəzi məktəblərdə şagirdlərə əlavə dərsliklərin aldırılması ilə bağlı şikayətlərə münasibət bildirib. O qeyd edib ki, könüllü surətdə həyata keçirildiyi təqdirdə əlavə dərs vəsaitlərindən istifadə şagirdlərin biliyini möhkəmləndirir: "Biz müəllimlərə “uşaqları daha yaxşı öyrətməyin” deyə bir göstəriş verə bilmərik. Dərsliklər hazırlanır, bütün məktəblərə də çatdırılır. Bu istiqamətdə son illərdə xeyli işlər görülüb. Düşünmürəm ki, bu barədə ciddi şikayətlər var. Bu istiqamətdə narazılıqlar varsa, aidiyyəti üzrə bizə müraciətlər oluna bilər. Amma tədris üçün faydalı ola biləcək hər hansı əlavə vəsaitin məcburi şəkildə aldırılması məqsədəuyğun deyil, müsbət qarşılanmır. Amma biz müəllimlərə desək ki, nəyisə etməyin və ya uşaqları yaxşı öyrətməyin, bu, yaxşı mesaj olmaz".

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bunun şagirdlərə faydası var, amma əlavə tədris materiallarının alınması könüllü olmalıdır:

“Dərsliklərlə yanaşı əlavə materiallar şagirdlərin dərsi qavramasına müsbət təsir göstərirsə, bundan istifadə edilə bilər. Amma diqqət etmək lazımdır ki, əlavə dərs vəsaitləri dərsliklərlə birgə tədrisin inkişafına kömək etsin. Bəzən müəlliflər dərsliklərdə yazılmış materialları təkrar edirlər, eyni testlər və tapşırıqlar əksini tapır, şagirdlərə də məcbur aldırılır. Bu, düzgün deyil. Düşünürəm ki, öyrədici, şagirdin biliyini və dünyagörüşünü artıran əlavə vəsaitlərdən istifadə problem deyil.

Satışdakı əlavə dərs materiallarının pulsuz alternativləri də var — Şagirdlər yönləndirilməlidir

Tədris prosesində kitabxanalardan da istifadə etmək lazımdır. Bəzən valideynlər ilk olaraq kitabları alırlar, amma kitabxanalarda bədii ədəbiyyatdan, həmçinin digər sahələrə aid kitablardan da pulsuz istifadə imkanı var. Şagird özünü inkişaf etdirmək, olimpiadalarda iştirak etmək istəyə bilər, bu zaman əlavə vəsaitlər onun köməyinə çatır. Lisey və gimnaziyalara qəbulda da bunlara ehtiyac yaranır. Çünki dərsliklər orta bilik səviyyəsinə malik şagirdlərə uyğun hazırlanır, daha yüksək nəticə əldə etmək üçün əlavə dərs vəsaitləri alternativ rolunu oynayır.

Sadəcə satışda olan vəsaitlərə yönlənmək də düzgün deyil. İnternet dövrüdür, hər sahədə çox yaxşı resurslar var, öyrənmək üçün əyləncəli portallar var. Valideynlər, müəllimlər buna da diqqət etməlidirlər, uşaqları yönləndirməlidirlər. Elm və Təhsil Nazirliyinin elektron dərs sistemində də kifayət qədər mənbə var, bunlardan da istifadə olunması yaxşı olardı”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova