Qusar rayonunda 1990-cı il təvəllüdlü Asəf ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəzrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 21-də Qusar rayonunun Kuzun qışlaq kəndində baş verib. Asəf yaşadıqları evdə Nəzrini yumruqla vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Asəfin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qusar rayonu Kuzun qışlaq kəndində yaşayır, zərərçəkmiş şəxs Nəzrin onun həyat yoldaşıdır: “Avqustun 21-də, saat 23 radələrində sərxoş vəziyyətdə evə gəldim. Həmin vaxt arvadım mənim spirtli içki içməyimə irad tutdu. Nəzrindən sakitləşməsini tələb etsəm də, buna nail ola bilmədim və aramızda mübahisə yarandı. Həmin vaxt yumruq zərbəsi ilə Nəzrinin sifətinə vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nəzrin ondan polisə şikayət edib və o, təhqiqata cəlb olunub. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını deyib.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Asəfin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


