Sosial Özəl

Xroniki xəstəliyi olanların dərman ehtiyacı qarşılanacaq — AÇIQLAMA

Xroniki xəstəliyi olanların dərman ehtiyacı qarşılanacaq — AÇIQLAMA

Xəstələrin ev şəraitində dərmanla təminatı sığorta hesabına qarşılanacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib. Onun sözlərinə görə mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Z.Əliyev bildirib ki, ilk növbədə ürək-damar sistemi xəstəlikləri, daha sonra ardıcıl olaraq həzm sistemi və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək: "Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur”, o qeyd edib.

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, 2024-cü ilin yanvar ayından ambulator şəraitdə müalicə alan xəstələrə lazım olan bir sıra dərman preparatlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub:

Xroniki xəstəliyi olanların dərman ehtiyacı qarşılanacaq — AÇIQLAMA

“Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Xroniki xəstəliklər, məsələn, hipertoniya, şəkər və uzun müddət davam edən bəzi xəstəliklərin müalicəsində tələb olunan dərman vasitələrinin siyahısı təqdim olunacaq. Hələ ki Xidmətlər Zərfinə bu dərmanlar əlavə edilməyib. Bəzi dərmanlar xəstələrə pulsuz veriləcək. Bu istiqamətdə müəyyən layihələr hazırlanıb. Elektron resept sistemi istifadəyə veriləcək. Reseptlərin yazılması elektron qaydada həyata keçiriləcək, dünyada qəbul olunmuş qaydada xəstəliklərin koduna uyğun olaraq xəstələrə əlavə dərman vasitələri yazmağa ehtiyac qalmayacaq. Konkret olaraq bir neçə dərmandan ibarət resept elektron şəkildə informasiya bazasına ötürüləcək və əczaçılar bunu görəcəklər. Bu şəkildə xəstələrin dərman ehtiyacları ödəniləcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova