Xəbər verdiyimiz kimi Bakıda körpü çöküb. Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb.
İnşaat üzrə ekspert memar Muxtar Ərturan Demokrat.az-a açıqlamasında deyib ki, körpülər sırf konkstruktiv inşaat qurğusudur.
Onların inşasının 80-90 faizi konstruksiyaya əsaslanır:
“Gözəllik və estetika sonrakı məsələdir. Körpülərdə problem yaranmasının əsas səbəbi beton qatının zəif olması və ya armaturların korroziyaya uğramasıdır. Bunun kökündə isə nəzarət mexanizminin normal həyata keçirilməməsi dayanır.

Konstruksiya layihəsində hər şey normal qaydada verilsə də inşaat zamanı hər hansı inşaat materiallarının azaldılması nəticəsində belə hallar baş verir. Çünki zaman keçdikcə yağışlar yağışdıqca, soyuq və isti havalar bir-birini əvəz etdikcə beton qatı sıradan çıxır. Digər bir məsələ həmin hissədə sonradan əlavə qurğuların quraşdırılması, betonun və armaturun yüklənməsi ola bilər.
Ümumiyyətlə, konstruktiv həllərə müdaxilə olunmamalıdır. Əfsuslar olsun ki, bir çox yerlərdə körpülərin üzərində işıq sütunları qoyulur, elektrik magistralının keçməsi üçün hansısa betona müdaxilə edilir. Körpü özü bütöv bir konstruksiyadır, ona müdaxilə etmək olmaz. Daha sonra üzərini sementlə örtüb işi bitmiş hesab edirlər. Əgər körpünün kiçik bir hissəsində hər hansı problem yaranırsa və güclü yağışdan sonra çökmə hadisəsi baş verirsə, bu, həmin yerə müdaxilə edildiyindən xəbər verir. Əks halda, körpünün hər yerində problem yaranardı. Fövqəladə Hallar Nazirliyinin ekspertləri məsələni araşdırmalıdırlar”.
Törə Zeynallı Demokrat.az


