Avropa İnvestisiya Bankının Avropa İttifaqına qonşu ölkələrdə kredit əməliyyatları üzrə baş məsləhətçisi Herve Guenassia Azərbaycanda ətraf-mühit məsələlərinə toxunub.
O, APA-ya açıqlamasında Avropa İnvestisiya Bankının Azərbaycanda müxtəlif işlər gördüyünü vurğulayıb, təmiz ətraf-mühitə nail olmaq üçün görüləcək işlərdən danışıb:
“Bizim əsas siyasətimiz bir sıra istiqamətlərə fokuslanıb. Bunun üçün öncə ənənəvi yanacağın təşviqindən imtina etmək lazımdır. Enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində innovasiyalar inkişaf etdirilməlidir. Bundan başqa, alternativ enerji mənbələrinə diqqət artırılmalı, insanların elektrik enerjisinə əlçatanlığı təmin olunmalıdır”.
O qeyd edib ki, yaşıl keçidi dəstəkləyən layihələrə daha çox sərmaye qoyulmalıdır:
“Karbon emissiyalarını azaltmaq üçün innovasiya və rəqəmsallaşmaya üstünlük verilməlidir. Kənd və meşə təsərrüfatı təşviq edilməlidir. Ətraf-mühit və iqlimə zərərləri azaltmaq üçün ictimai nəqliyyat təşviq olunmalıdır. İctimai nəqliyyatı təşviq edərək şəhərlərdə karbon emissiyalarını azaltmaq olar”.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, bu gün Azərbaycanda ictimai nəqliyyatdan istifadə daha çox təşviq olunmalıdır və paralelində əhalinin ictimai nəqliyyata əlçatanlığı təmin edilməlidir:
“Bunun üçün marşruta buraxılan nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Özəl daşıyıcılar qarşısında bununla bağlı kəskin tələb qoyulmalıdır. Həm ekoloji, həm də təhlükəsizlik cəhətdən müasir standartlara cavab verməyən avtobuslar dövriyyədən çıxarılmalı, yeniləri ilə əvəz edilməlidir.
Növbəti mərhələdə “Bakıkart”lar avtobus dayanacaqlarına qaytarılmalı, avtobusların özündə kart balansının artırılması imkanı olmalıdır. Bütün debet və kredit kartkarı ilə gediş haqqının ödənilməsi təmin olunmalıdır. Həmçinin bütün avtobuslarda qeyri-nəğd ödəniş imkanı olmalıdır. Bu işlər paralel görülməlidir ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadəyə daha çox maraq göstərsinlər”.
Törə Zeynallı Demokrat.az


