“Zelenskiyə Ukrayna ərazilərini Rusiyaya güzəştə getmək üçün təzyiq ediləcəyini düşünmürəm. Bu, kifayət qədər böyük ərazidr, söhbət hələki Ukraynanın 20 faiz torpağından gedir. Qərb və ABŞ də başa düşür ki, əgər Ukrayna bu qədər torpağı Rusiyaya güzəştə getsə, Rusiyanın dünyada reytinqi daha da arta bilər. Çünki müharibə başlayandan ona qarşı tətbiq edilən sanksiyalar reytinqini yarıbayarı aşağı salıb, ölkələrdən təcrid olunmuş vəziyyətə düşüb”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Qərb və ABŞ onu da bilir ki, Ukrayna ərazilərini Rusiyaya verərsə, digər ölkələrdə də eyni ssenari təkrarlana bilər:
“Moldova bu ölkələrin başında gəlir, Dnestryanı məsələ də qalxa bilər. Məsələ zəncirvari hal ala bilər, artıq Ukraynanın itirilmiş ərazilərini geri qaytarması mümkün olmayacaq. Belə bir vəziyyətdə ABŞ-nin Ukraynada gücü zəifləyəcək, nüfuzu aşağı düşəcək, beləliklə NATO çətiri də zəifləyəcək. Proseslər bir-birilə bağlı olduğu üçün ərazilərin asanlıqla Rusiyanın əlinə keçməsinə göz yumula bilməz. Rusiya işğal etdiyi əraziləri minalayıb, bu da Ukraynanın əks-hücum əməliyyatlarına ciddi təsir göstərir.
Amma nəzərə almaq lazımdır ki, bir müddət öncə ABŞ Senatında 106 milyard dollarlıq yardım paketi məsələsi gündəmə gəlib. Əgər bir il ərzində Ukraynaya həmin yardım paketi ayrılsa, bu, çox ciddi təsir mexanizmi yaradacaq. Onu da xatırladım ki, ABŞ ötən il “Lend-liz” qanununu qəbul etdi və Ukraynaya tətbiq etdi. Bu da o deməkdir ki, müharibəni udana qədər Ukrayna silah-sursat, hərbi texnika, humanitar və maliyyə yardımından bəhrələnə bilər. Hesab edirəm ki, ABŞ Rusiyanın güclənməsinə zəmin yaratmaq niyyətində deyil”.
Qeyd edək ki, ABŞ mətbuatının yazdığına görə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevə dəstəyi zəiflədiyi üçün Vaşinqtona gedir.
O, yenidən Ukraynaya yardım paketinin ayrılması üçün Nümayəndlər Palatasının üzvləri ilə görüşəcək.
Yerli mənbələr onu da qeyd edir ki, bəzi senatorların fikrincə Ukrayna döyüşlərə son qoymaq üçün bir sıra əraziləri Rusiyaya verməlidir, bu da tamamilə ABŞ-ın maraqlarına uyğundur.
Törə Zeynallı Demokrat.az


