15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək. İki gün davam edəcək qurultayda ümumi təhsilin məzmununda və idarə olunmasında müasir yanaşmalar, peşə təhsili, müəllim hazırlığı, elm və ali təhsilin inteqrasiyası, inklüziv təhsil, məktəbəqədər təhsil, ayrı-ayrı fənlərin tədrisində yeni metodların tətbiqi və digər mövzular müzakirə ediləcək.
Təhsil eksperti Elçin Murad Demokrat.az-a açıqlamasında qurultayda müzakirə edilməsi vacib olan bəzi məsələlərə toxunub:

“İstərdim ki, qurultayda təhsilin keyfiyyətinə aid məsələlər müzakirə olunsun. Müəllimlərin maaşı məsələsi də vacibdir. Düşünürəm ki, əməkhaqqı artırılsa, bu, tədrisin keyfiyyətinə də təsir edəcək. Dərsliklərin keyfiyyəti də müzakirə olunmalıdır. Hazırda Elm və Təhsil Nazirliyinin dərsliklərə dair proqramı ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramı bir-biri ilə uzlaşmır. Kurrikulum sistemi yenidən nəzərdən keçirilməlidir. Kurrikulum təhsil sisteminin tələblərini artıq tam şəkildə ödəmir. Məktəb proqramına salınan əlavə mövzuların təhlilinə ehtiyac var, bəzi lazımsız mövzuların çıxarılmasının tərəfdarıyam, çünki bunlar şagirdləri əlavə informasiyalarla yükləyir. Məktəblərdə tibb məntəqələri müasir standartlara cavab verməlidir, eyni zamanda psixoloji xidmətin keyfiyyəti artırılmalıdır. Valideynlərlə müəllimlər arasında kontaktın daha yaxşı qurulması istiqamətində yeni konsept hazırlanmalıdır. Məktəbdə dərs deyən müəllimlərin pedaqoji fəaliyyəti ilə yanaşı, psixoloji vəziyyəti də yoxlanılmalıdır. Bütün bunlar vacib faktorlardır və təhsilin keyfiyyətinə birbaşa təsir edir”.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
Törə Zeynallı Demokrat.az


