Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib. Yayılan məlumatda bildirilir ki, tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur. O da qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər. İstifadə olunmayan tətbiqlərin silinməsi tövsiyə edilib.
İKT üzrə mütəxəssis Elvin Abbasov Demokrat.az-a açıqlamasında qeyd olunan məsələlərin önəmi barədə məlumat verib:
“Hər köhnə versiyada boşluqlar tapılır. Həmin boşluqların aradan qaldırılması üçün tətbiqlərin yenilənməsi lazımdır. Yenilənmələr cihazdakı tətbiqi təkcə yeni xüsusiyyətlər, həllərlə deyil, boşluqların aradan qaldırılmasını da təmin edir. Bu, kibertəhlükəsizlik üçün də vacib məqamdır. Ümumiyyətlə, istifadə olunmayan tətbiqlərin cihazdan silinməsi tövsiyə olunur. Bununla bağlı baş verən bir insidenti misal çəkə bilərəm. Tanınmış bir tətbiqi başqa bir şirkət almışdı və bir müddət sonra məlum oldu ki, həmin tətbiqi yeni alan şirkət bu yolla fərdi məlumatları əldə edir. Ümumiyyətlə vacib olmayan, istifadə etmədiyiniz tətbiqləri silmək məsləhətdir. Tətbiqi yükləyərkən onun tanınmışlığı, etibarlı şirkətə aid olmasına diqqət edilməlidir. Əks halda bir çox tətbiqlər var ki, fərdi məlumatların və cihazın ələ keçirilməsi üçün istifadə olunur”.