Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata açıqlamasında bildirib ki, ölkəsi dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırdır. O deyib ki, Ermənistan və Azərbaycan rəhbərlərinin qərargahları arasında əldə olunmuş razılaşma sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm müsbət addımdır: “Bu bəyanat ikitərəfli danışıqların nəticəsidir və heç bir vasitəçi iştirak etməyib. Problemləri həll etmək üçün ən böyük şans sülh müqaviləsidir. Təbii ki, bu, bir qədər çətin görünür, lakin biz hətta dekabrın sonuna qədər saziş imzalamağa hazırıq”. Qriqoryanın sözlərinə görə Ermənistanın sülh sazişinin yekunlaşdırılması və imzalanması üçün bütün formatlardan istifadə etməyə hazırdır.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, göstərilən vaxta 20 gündən az qalır və demək olar ki, Ermənistan tərəfinin də qeyd etdiyi kimi sülh müqaviləsi imzalanmasının 30 faizi razılaşdırılmayıb, ona görə də məsələ hələ ki sual altında qalır:
“Ermənistan tərəfinin bu kimi açıqlamaları sadəcə olaraq beynəlxalq müstəvidə özünü sülhpərəst ölkə kimi göstərmək cəhdlərindən irəli gəlir. Biz Ermənistan hakimiyyətinin müstəqil siyasi iradəyə malik olmadığını yaxşı bilirik. O, Vaşinqtonun birbaşa təsiri ilə ikitərəfli danışıqlara gedib. Azərbaycan tərəfinin şərtləri bəllidir. Zəngəzur dəhlizinə maneəsiz giriş-çıxış, anklav kəndlərin geri qaytarılması – bu məsələlər mütləq həllini tapmalıdır. Əgər Ermənistanın da dediyi kimi 70 faiz razılıq əldə olunubsa, ciddi irəliləyişdir. Hesab edirəm ki, sülh müqaviləsinin bağlanması ilin sonuna kimi deyil, növbəti ildə baş tuta bilər. Ermənistanın nə deməsindən asılı olmayaraq biz real praktikaya fikir verməliyik, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət reallığa söykənir”.
Törə Zeynallı Demokrat.az


