Gündəm Özəl

Məişət zorakılığı ilə mübarizə: Qanunvericilik təkmilləşdirilməli, maarifləndirmə genişləndirilməlidir

Məişət zorakılığı ilə mübarizə: Qanunvericilik təkmilləşdirilməli, maarifləndirmə genişləndirilməlidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. İki gün davam edən konfrans çərçivəsində bir çox önəmli mövzulara toxunulub. Müzakirələrdə məişət zorakılığına gətirib çıxaran hallar, bunun nəticələri və ailədaxili zorakılığın qarşısının alınması yolları müzakirə edilib. Konfransda ‘’Məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması’’, "Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı", “Məişət zorakılığında medianın rolu” və məişət zorakılığının qarşısının alınması və reabilitasiya tədbirlərinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu istiqamətində panel müzakirələr baş tutub.

Tədbirin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, münaqişə və müharibə dövründə iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılmasına, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları qəbul edilib, bu istiqamətdə uğurlu nəticələr əldə olunub, həmçinin yeni təsisatlar yaradılıb. Bahar Muradova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından və bundan irəli gələn öhədliklərdən də danışıb. Komitə sədri vurğulayıb ki, aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının aşkar edilməsinə kömək edir. O bildirib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı hər il təqribən 400-ə yaxın müraciət daxil olur.

Məişət zorakılığı ilə mübarizə: Qanunvericilik təkmilləşdirilməli, maarifləndirmə genişləndirilməlidir

Panel müzakirəsi zamanı Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khan çıxışında önəmli statiskanı bölüşüb. Onun sözlərinə görə araşdırmalar təsdiq edir ki, Azərbaycanda hər 3 qadından biri ona qarşı zorakılıq olduğunu bildirir. Bununla belə qadınlar arasında məişət zorakılığına məruz qaldığını gizlədənlər də az deyil. BMT nümayəndəsi deyib ki, məişət zorakılığı təkcə qadınların deyil, bütün insanların problemidir: "Bu məsələdə kişilərin rolu genişləndirilməlidir. Gender bərabərliyi, məişət zorakılığı ilə bağlı daim işlər aparılmalıdır. Eyni zamanda sosial dəstək sistemi olmalıdır ki, zorakılıq halları ilə qarşılaşan insanlar hara müraciət etməli olduqlarını bilsinlər və özlərini güvəndə hiss etsinlər. Sığınacaqların sayı kifayət qədər olmalıdır ki, qadınlar uşaqlarını da özləri ilə apara bilsinlər".

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva məişət zorakılığı ilə mübarizənin evliliyə qədərki dövrdən etibarən başlamalı olduğu qənaətindədir. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, bunun üçün ailə qurmağa hazırlaşan şəxslərin tibbi yoxlanışı qədər psixoloji müayinəsi də vacibdir:

Məişət zorakılığı ilə mübarizə: Qanunvericilik təkmilləşdirilməli, maarifləndirmə genişləndirilməlidir

“Ailə qurmağa hazırlaşan şəxslərin psixoloji vəziyyəti yoxlanılmalıdır. Yaxşı olar ki, cütlüklər nikaha daxil olmaq üçün ərizə verdikdən sonra bir aylıq gözləmə müddətində psixoloqla görüşsünlər, psixoloji testlərdən keçsinlər. Bundan sonra məlum olacaq ki, iki nəfərin xarakteri bir-birinə uyğundurmu, onların arasında birgəyaşayış mümkündürmü. Mənfi hallardan biri də odur ki, Azərbaycanda fiziki zorakılıq anlayışı daha geniş yayılıb. Bəzi ölkələrin qanunlarında hətta psixoloji zorakılıqla əlaqədar müəyyən maddələr var. Ölkəmizdə isə təəssüf ki, bunun fərqinə varılmır, bu anlayış yazılı şəkildə heç yerdə öz əksini tapmır. Psixoloji zorakılıq həm də iqtisadi zorakılıqdan qaynaqlanır. Bu zorakılıq forması da son illərdə müzakirə olunur, bu da fiziki zorakılığa və ailələrin dağılmasına gətirib çıxara bilir”.

Ekspertin fikrincə, kişilərin məişət zorakılığı ilə mübarizəyə cəlb edilməsi effektiv nəticə verə bilər:

“Orta məktəblərdən başlayaraq yeniyetmə oğlanlara zorakılığın fəsadları haqqında geniş məlumat verilməlidir, ailə məsuliyyəti aşılanmalıdır. Zorakılıqla əlaqədar mövzularda biz adətən qadınlara üz tuturuq, onları maarifləndirmə işlərinə cəlb edir, məlumatlandırmağa çalışırıq. Amma bu məsələdə əslində kişilərlə də ətraflı işləmək lazımdır. Onlara zorakılığın nəticələrini izah etməliyik. Ailədə zorakılıq edən kişi bilməlidir ki, bu, övladına təsir edir və o, gələcəkdə bundan əziyyət çəkəcək. Məişət zorakılığı mövzusunda fərdlərlə deyil, ailələrlə işləmək lazımdır”.

Sığınacaqlar məsələsinə aydınlıq gətirən Z.Mustafayeva yeni təklif irəli sürüb:

“Əhalimizin sayı 10 milyondur. Regionlarda sığınacaqlar məsələsi bir qədər problemdir. Kiçik bir rayonda hansı sığınacağın harada yerləşdiyi hər kəsə məlum olur. Sığınacağa yerləşdirilən qadın haqqında bütün rayon əhalisi xəbər tutur. Bu da sonradan qadının ailəyə qəbul edilməsi məsələsini çətinləşdirir. Sığınacağa yerləşdirdiyimiz qadın haqqında əri gəlib maraqlananda biz onun yerini gizlətməyə məcbur olmuşuq. Kişi deyir ki, bilsəm həyat yoldaşım sığınacaqdadır onu qəbul etməyəcəyəm. Sığınacağa gedən qadınlar haqqında mənfi düşüncələr yaranır. Düşünülür ki, qadın sığınacağa gedibsə, ailəni biabır edəcək, ailə haqqında nələrsə danışacaq. Sığınacaqların deyil, regionlarda yardım mərkəzlərinin sayının artırılmalı olduğunu daha doğru hesab edirəm. Qadının sığınacağa yerləşməsi artıq məişət zorakılığının nəticəsidir. Qadın artıq zorakılığa məruz qalıb, ailə sarsılıb, evdən qovulan və ya qaçan məcburdur ki, son çarə kimi sığınacağa yerləşsin. Amma biz ilk növbədə səbəblərlə mübarizə aparmalıyıq, nəticə ilə deyil. Bunun üçün də həmin ailələrə ilkin dəstək göstərilməlidir. Yardım mərkəzimizə yönəldilən ailələr artıq bilir ki, hər hansı bir insident olanda nə edə bilər, hara üz tuta bilərlər. Yardım mərkəzində sosioloq, psixoloq, hüquqşünas və sosial işçi var. Müraciətdən sonra məsələ araşdırılır, səbəblər üzə çıxır, problemlərin nədən qaynaqlandığı aydınlaşır. Ola bilər ki, ailədə maddi sıxıntılar var, işsizlikdir, sosial və ya psixoloji problemlər də müşahidə edilə bilər. Bu istiqamətdə problemlərin həllində yardım mərkəzlərinin böyük əhəmiyyəti var”.

QHT sədri qeyri-hökumət təşkilatları və dövlət qurumlarının birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb:

“Dövlət qurumlarının hər birində sosial proqramlar var və bu, məişət zorakılığının baş verdiyi ailələrlə işin qurulmasını əhatə edir. Birgə fəaliyyət zorakılıq hallarının qarşısının alınmasında daha effektivdir. Biz nə qədər ki, leksikonumuzda məişət zorakılığı ifadəsinə yer ayırır, hər dəfə bunun artdığını vurğulayırıqsa, bir o qədər buna təkan vermiş oluruq. Yaxşı olardı ki, daha çox ailələrlə işləyək, onların sosial problemlərinin həllinə çalışaq. Belə olarsa, zorakılıq hallarının artmasının qarşısını ala bilərik”.

Konfransda çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzovun toxunduğu məsələ də aktualdır. O qeyd edib ki, məişət zorakılığı halları ilə bağlı narahatedici məsələlərdən biri də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasıdır: “Bu cür hallar əksər vaxtlar cinayətləyekunlaşır. Məişət zorakılığı ilə bağlı halların əksəriyyətində zərərçəkmiş tərəf qadınlar, təqsirləndirilən tərəf isə kişilər olur”.

Statistikaya nəzər salaq: Bu ilin 9 ayında qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib. Ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı isə 1296-dır. Ailə-məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344-də kişilər, 14-də yetkinlik yaşına çatmayan şəxslər olub.

Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, bu istiqamətdə polis əməkdaşları ilə maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda məhkəmələrdə də bu səpkidə tədbirlərin görülməsinə ehtiyac var, çünki son mərhələdə qərar qəbul edən məhkəmələrdir. O, sayta açıqlamasında bildirib ki, məişət zorakılığı ilə mübarizə sahəsində çox ciddi problemlər var:

Məişət zorakılığı ilə mübarizə: Qanunvericilik təkmilləşdirilməli, maarifləndirmə genişləndirilməlidir
“Bu sahədə işləyən mütəxəssislər – sosioloqlar, psixoloqlar, sosial işçilər, hüquqşünaslar daim bunu qeyd edir və israrla qanunvericiliyin dəyişdirilməli olduğunu bildirirlər. Məsələ nə yerdədir? İlk növbədə onu deyə bilərəm ki, məişət zorakılığına görə nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmayıb. Ən yaxşı halda bunu döyülmək kimi qəbul edirlər. Azərbaycanda ümumiyyətlə statistika yoxdur ki, hər il neçə insan məişət zorakılığı zəminində əməllər törətdiyinə görə məsuliyyətə cəlb olunub. Təcrübə göstərir ki, məişət zorakılığı ən çox ər-arvad arasında yaşanır. Belə şikayətlər olanda polislər məsələyə məişət zəminində yanaşır, tərəfləri barışdırmağa çalışırlar, işin araşdırılmasına maraq göstərmirlər. Bəzən məişət zorakılığının davam etməsi sonda faciə ilə nəticələnir. Bakı şəhərində də, rayonlarda da bunun bir çox nümunəsini görmüşük. Qadın qətllərini araşdıranda məlum olur ki, qadın əvvəllər bir neçə dəfə polisə şikayət edib, hər dəfə də polis tərəfləri barışdırmaqla vəzifəsini bitmiş hesab edib”.

Ekspertin sözlərinə görə, bu vəziyyətin davam etməməsi üçün əməli addımlar atılmalıdır:

“Birincisi, polisin özündə ixtisaslaşma getməlidir. Daxil İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Onun yerlərdə şöbələri, ixtisaslaşmış əməkdaşları var, məişət zorakılığı ilə bağlı isə belə bir praktika yoxdur. Unutmamalıyıq ki, məişət zorakılığı bəzi hallarda insan alverinə gətirib çıxarır. Bir müddət əvvəl BMT-nin insan alveri və məişət zorakılığına dair Azərbaycanla bağlı hesabatı dinlənildi. Hər dəfə dinləmələrdən sonra ölkəyə müvafiq məsələdə tövsiyələr verilir. Bu dəfə də tövsiyələrdən biri məişət zorakılığının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi oldu. Polis bölmələrində mütləq kadrların ixtisaslaşması prosesinə başlanmalıdır. Hakimlər arasında da ixtisaslaşma aparılmalıdır. Hakimlər zərərçəkənlə zorakı şəxsi barışdırmaqla yaxşı iş gördüklərini hesab edirlər, məişət zorakılığının mahiyyətini dərk etmirlər. Ailə daxilində olan zorakılığın qurbanı təkcə qadınlar deyil, həm də uşaqlardır. Zorakılığa şahidlik edən uşaqlar onun təsiri altında böyüyürlər, psixologiyaları gördüklərinin təsiri altında formalaşır, özləri də böyüyəndə zorakılığa meylli ola bilərlər.

Geniş maarifləndirmə kampaniyaları aparılmalıdır. Məktəblərdə bu məsələ diqqətdə saxlanılmalıdır, çünki uşaqların arasında da zorakılığa məruz qalanlar, bunun şahidi olanlar çox olur. Bütün məktəblərdə psixoloqlar var. Onlar belə uşaqlarla işləməyi öyrənməlidirlər. Görülməli işlər çoxdur. Qətllərin sayının artması onu göstərir ki, bu sahədə həyata keçirilən tədbirlər yetərli deyil”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova