Danimarkada Quranın yandırılması qadağan edilib. Ölkə parlamenti ictimai məkanlarda Quranın nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib. Eyni zamanda, yeni qaydaların ölkədə söz azadlığını məhdudlaşdırmayacağı da bildirilib.
Qərara Demokrat.az-a açıqlamasında münasibət bildirən politoloq Əhəd Məmmədlinin fikrincə, bu yenilik islamofobiya təzahürlərinin qarşısını almaqda elə də effektiv olmayacaq:

“Qadağa var, bəs cinayət işi də varmı?! Düzdür, əvvəlkinə nisbətən indi bu hallar bir az səngiyə, hadisələrin qarşısı alına bilər. Əvvəllər ürəyi istəyən hər kəs bu hərəkətə əl atırdı, yəqin indi hansısa formada nəzarət həyata keçiriləcək. Ümumilikdə, bu yenə də çıxış yolu deyil. Çünki Avropada faşizmin yenidən vüsət almasının şahidi oluruq, bu da islamofobiya və türkofobiyanı artırır. Türkiyənin dünyada güclənməsi və söz sahibi olması, Danimarkanın hansısa məsələləri nəzərə alması, Avropada Afrika və Asiya ölkələrindən olan müsəlman əsilli insanların məskunlaşması vəziyyətə müəyyən qədər təsir edir. Bununla belə Avropa dövlətlərinin hökumətləri islamofobiyanın qarşısını almaq üçün daha sərt addımlar atmalıdır. Lakin düşünürəm ki, bunu görməyəcəyik, çünki bunun üçün müsəlman aləminin dünyada və Avropada söz sahibinə çevrilməsinə ehtiyac var”.
Törə Zeynallı Demokrat.az


