Sosial Özəl

Deputat: “Vətəndaşlarımızın işlə təminatı “Böyük Qayıdış”ın mühüm tərkib hissəsidir”

Deputat: “Vətəndaşlarımızın işlə təminatı “Böyük Qayıdış”ın mühüm tərkib hissəsidir”

Prezident İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı keçmiş məcburi köçkünlərin işlə təminatı barədə məlumat verib. Ölkə başçısı bildirib ki, qayıdış prosesi planlı həyata keçirilir, əhalinin əksəriyyəti artıq iş yerlərinə malikdir:

“Bu onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir. Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik, şərait yarada bilərik”.

Prezident vurğulayıb ki, Azərbaycan dövləti Qarabağ ermənilərinə də şərait yaratmağa hazırdır:

“Təbii ki, onlar beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə və hüquqlarına bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında Qarabağa qayıdan əhalinin işlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb:

“Qarabağda məskunlaşmış vətəndaşlarımızın işlə təmin olunması prioritetdir. Cənab Prezidentin bununla bağlı müvafiq tapşırıq və göstərişləri var. “Böyük Qayıdış” prosesi başlayan zaman ölkə rəhbərinin daim diqqətdə saxladığı məsələlərdən biri məhz ata yurdlarına qayıtmış vətəndaşlarımızın işlə təminatıdır. Buna görə məskunlaşmanın mütəmadi həyata keçirildiyi yerlərdə - Füzuli şəhərində, Laçında və Zəngilanda əmək yarmarkaları təşkil olunur. Bu, davamlı həyata keçiriləcək. Vətəndaşların bir qismi dövlət sektorunda işlə təmin olunur, digər tərəfdən onlara özəl sektorda yer verilməsi, keçirilən layihələrdə iştirakları da çox vacibdir. Bu istiqamətdə də dövlət tərəfindən dəstək göstərilməkdədir.

2024-cü ildə məskunlaşmanın coğrafiyası genişləndiriləcək, Şuşa və Ağdam şəhərlərində də məskunlaşmanın olacağı gözlənilir. Buna paralel olaraq məşğulluğun miqyası da genişlənir. Vətəndaşlarımızın ixtisas və peşələrinə uyğun işlə təmin olunması “Böyük Qayıdış”ın mühüm tərkib hissəsidir. Azad olunmuş ərazilərdə məşğulluğun təmini növbəti illər üçün də əsas hədəflər sırasında qalacaq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az