“Fransa təbliğ etdiyi demokratik dəyərlərə zidd siyasət apardığını sübut etdi. Müstəmləkəyə çevirdiyi Yeni Kaledoniya uzun müddətdir ki, ondan müstəqillik tələb edir, lakin Fransa bunu yerinə yetirmir. Fransanın azad mətbuata maneə törətdiyini dəfələrlə müşahidə etmişik”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Fransa söz azadlığına hörmətlə yanaşmır, bu və ya digər hadisənin obyektiv işıqlandırılmasına qarşı çıxır:
“AZƏRTAC informasiya agentliyinin əməkdaşı rəsmi viza ilə peşə fəaliyyətini yerinə yetirib, baş verən hadisələrlə bağlı material hazırlamaq istəyib, amma yerli polis jurnalistin fəaliyyətinə mane olub. Bu, Fransa dövlətinin ikili standartlar yürütdüyünü, ona sərf etməyən materialın dünya mətbuatında işıqlandırılmasına əngəl törətdiyini göstərir.
Dünyaya demokratiya dərsi keçməkdənsə, digər ölkələrin daxili işlərinə qarışmaqdansa ilk növbədə azad mətbuatın fəaliyyəti üçün ölkədə şərait yaradılmalıdır. Fransa polisinin Azərbaycan jurnalistinə qarşı hərəkətini pisləyirik.
Hesab edirəm ki, Azərbaycanın media qurumları, jurnalist təşkilatları beynəlxalq media təşkilatlarına bu hadisənin pislənilməsi üçün müraciət etməlidir”.
Törə Zeynallı Demokrat.az


