Gündəm Özəl

Universitetlərə tələsən gənclik : “Onların gözündə tələbə olmağın sevinci yoxdur, xoşbəxt deyillər...”

Universitetlərə tələsən gənclik : “Onların gözündə tələbə olmağın sevinci yoxdur, xoşbəxt deyillər...”

Təhsil sahəsində mövcud olan problemlərdən daim danışılır, səbəblər və həlli yolları ortaya qoyulur. Lakin barəsində az danışılan məsələlərdən biri də ali təhsil almaq üçün yaş həddidir. Bu gün Azərbaycanda 17-18 yaşında gənclik çağına hələ yeni qədəm qoyan şəxslər ali təhsil almaq, tələbə olmaq üçün tələsirlər. Lakin bəzi araşdırmalar göstərir ki, daha yuxarı yaşlarda universitet bitirmiş şəxslər gənc yaşda məzun olanlara nisbətən aldığı ali təhsildən daha razı olurlar, hansı ixtisasa yiyələnmək istədiklərini daha yaxşı bilir və əmək bazarında özlərinə uyğun iş tapa bilirlər. Məsələn, bəzi ölkələrdə hələ 17-18 yaşda olan gənclər hələ kollec oxuyur, daha sonra universitet barədə düşünürlər. Məktəbi yenicə bitirmiş gənci ixtisas seçimi qarşısında qoymaq nə dərəcədə doğrudur?

Mövzu barədə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikirlərini öyrəndik. O, Demokrat.az-a açıqlamasında dedi ki, bu gün xarici ölkələrdə, xüsusilə təhsilin inkişafının yüksək səviyyədə olduğu ölkələrdə diqqət edilən bu detal, təhsilin hələ indi-indi inkişaf mərhələsinə qədəm qoyduğu ölkələrdə təəssüf ki, nəzərə alınmır:

“Bu gün xaricdə insanlar univetsitet oxumağa, ali təhsil pilləsinə başlamağa tələsmirlər. Halbuki bir çox ölkələrdə tələbə adı qazanmaq Azərbaycanda olduğundan qat-qat asandır. Məşhur bir fikir var ki, xaricdə universitetin giriş qapısını açıq qoyurlar, çıxış qapısını isə sıx bağlayırlar. Yəni universitetə qəbul olmaq deyil, oranı bitirmək çətin və məsuliyyətli iş olmalıdır. Bizdə isə əksinədir. Diplom almaq, təhsili “yola vermək”, oxuduğu ixtisas üzrə kadr olmaq səviyyəsinə çatmamış universiteti bitirmək asandır”.

Ekspertin fikrincə, bu gün Azərbaycan cəmiyyətində ali təhsil həm də ona görə formaldır ki, tələbələr oxuduqları ixtisasın mahiyyətinin fərqində deyillər:

“Təbii ki, bu bütün universitetlərə aid deyil. Abituriyent hazırlaşır, imtahan verir, müəyyən bal yığır, sonra ailəsinin, müəllimlərinin məsləhəti ilə ixtisas sıralanmasını edir, sonda da istəyinə, bacarığına, planlarına uyğun olmayan bir ixtisasa qəbul olur. Ünsiyyətdə olduğum tələbələrin əksəriyyəti 18-19 yaşlardadır. Onların gözündə tələbə olmağın sevinci yoxdur, xoşbəxt deyillər. Bu gün 180 minə yaxın tələbəmizin neçə faizi oxuduğu ixtisasın mahiyyətinin fərqindədir?! Əmək bazarımız buna görə təmin olunmur. Bir çox ixtisas üzrə kəmiyyət var, keyfiyyət yoxdur”.

Universitetlərə tələsən gənclik : “Onların gözündə tələbə olmağın sevinci yoxdur, xoşbəxt deyillər...”

E.Nuri universitetə qəbul olan şəxslərə ixtisasından asılı olmayaraq karyera bələdçiliyi istiqamətində təlimlər keçirilməsinin vacibliyini qeyd edib:

“Tələbə gələcəkdə əmək bazarında yerini indidən tapmalıdır. Yaşı çox olanlar gənclərlə müqayisədə öz təhsilindən daha çox məmnundurlar, çünki şüurlu şəkildə təhsil alma prosesində iştirak edirlər, özlərinə nəyin lazım olduğunu bilir və o istiqamətə yönəlirlər.

Nə qədər ki, indiki kimi test imtahanı modeli hökm sürür açığı gözləmirəm ki, bu məsələdə nəsə dəyişiklik olsun. Universitetə qəbul prinsipləri dəyişəndən sonra bu yanaşma da dəyişə bilər. Ən azından heç olmasa universitetdə 1-ci kursa qəbul olunan hər bir tələbə üçün karyera bələdçiliyi təlimləri keçirilsin. Tələbədə liderlik keyfiyyətləri formalaşmalı, vaxtını düzgün idarə edə bilməyi öyrənməli, komanda daxilində işləmək bacarığına sahib olmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova