Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. XİN-nin mətbuat katibi Ani Badalyanın sözlərinə görə bu barədə Azərbaycanla razılığa gəlinib.
Görüşdən gözlənilən nəticələri Demokrat.az-a şərh edən politoloq Amid Əliyev deyib ki, görüşün Ermənistan-Azərbaycan dövlət sərhədində keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir:
“Qərb və digər dövlətlər bu məsələlərdə vasitəçi olmaq qərarına gəlmişdilər, lakin Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində görüşlərin ikinci, üçüncü dövlətlərin iştirakı olmadan məhz tərəflər arasında keçirilməsi və müəyyən nəticələrin əldə edilməsi vacib məqamlardandır. Hesab edirəm ki, buna nail olduq. Bu, sülh gündəliyinin inkişafı istiqamətində mühüm addım sayıla bilər.
Dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistan tərəfindən ziddiyyətli fikirlər səsləndirildi, prosesin yubadıldığını görürdük. Nəhayət 6 ay fasilədən sonra məsələnin gündəmə gətirilməsi ilə Ermənistan tərəfinə aydın oldu ki, bundan qaçış yoxdur, məsələ həll olunmalıdır. Təbii ki, sülh gündəliyinin şərtlərini müəyyən edən tərəf Azərbaycan olduğu üçün Ermənistanın görüşdə iştirakdan başqa yolu qalmayıb. Eyni zamanda onun havadarlarına da aydın oldu ki, proseslərə müdaxilə mümkün olmayacaq”.
Ekspert onu da qeyd edib ki, bu görüş dövlət sərhədində başqa tutacaqsa, növbəti görüşlər də Azərbaycanın təklif etdiyi məkanlarda keçirilə bilər:
“Ermənistana bu qədər siyasi dəstək olunduğu halda Azərbaycanın yenə də öz şərtlərini diqtə etməsi diplomatiyamızın uğurudur. Düşünürəm ki, bu proses gələcəkdə sülh sazişinin imzalanmasına böyük təkan vermiş olacaq. Dövlət sərhədləri müəyyən edildikdən sonra hər iki tərəf arasında narazılığa səbəb olan məsələlər də həllini tapacaq. Artıq Qarabağda yaşamağa davam edən ermənilərin hüquqi statusu məsələsi həllin tapdı, indi həllini gözləyən məsələ 8 kəndin Azərbaycana qaytarılmasıdır”.
Törə Zeynallı Demokrat.az


