Saatlı rayonunda 1969-cu il təvəllüdlü Xalid keçmiş həyat yoldaşı Esmiraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 5-də Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində baş verib.
Xalid həmin gün saat 13 radələrində sərxoş vəziyyətdə Əlisoltanlı kəndində yerləşən məcburi köçkünlər qəsəbəsində yaşayan keçmiş arvadı Esmiranın fərdi yaşayış evinin həyətinə gəlib. O, Esmira ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra şüşə parçası ilə Esmiranın bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Esmira ilə 1990-cu ildə ailə həyatı qurub, birgə nikahlarında dörd övladları var: “Münasibətlərimiz kəskinləşdiyindən 2013-cü ildə rəsmi olaraq boşandıq. Sonradan keçmiş arvadım başqa bir şəxslə ailə həyatı qurdu. Mən spirtli içki aludəçisi olmuşam. Dəfələrlə keçmiş arvadımın yaşadığı ünvana gedərək onunla mübahisələr etmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 5-də evdə yemək yeyərkən xeyli miqdarda spirtli içki qəbul edib: “Təxminən saat 13 radələrində Esmiranın yaşadığı ünvana getdim. Mənzilə daxil olaraq Esmira ilə mübahisə etdim. Daha sonra həyətə çıxdıq. Esmiranın mənə qarşı soyuq münasibət göstərməsi ona qarşı qəzəbimi yaratdığından həyətdə olarkən şüşədən olan bankanı sındırdım. Şüşəni əlimə götürərək Esmiranın üstünə yeridim. Bu zaman əlimdə olan şüşə parçası ilə Esmiranın bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Esmira məndən qurtularaq qaçmaq istəyərkən şüşə parçası ilə onun qoluna da xəsarət yetirdim. Əsəbi olduğum üçün kubik daşı götürərək Esmiranın başına vurmaq istədim. Bu zaman Esmira qolunu qabağa verdiyindən daş onun qoluna dəydi. Bizim səsimizə qonşular gəldi. Mən də oradan getdim”.
İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, əri Xalidlə münasibətləri pozulub və 2013-cü ildə məhkəmə qərarı ilə boşanıblar: “Mən də 2018-ci ildə rəsmi olaraq Füzuli rayon sakini Elşən ilə ailə həyatı qurdum. İkinci ərim hərbçi olmaqla sərhəddə xidmət aparıb. Mən isə qəsəbədəki evimdə tək yaşamışam. Boşanmağımıza baxmayaraq Xalidlə bir qəsəbədə ayrı-ayrı evlərdə yaşamışıq. Həmin vaxtlarda Xalid içkili halda məni mütəmadi olaraq narahat etdiyindən dəfələrlə polis şöbəsinə müraciət etmişəm”.
Zərərçəkmiş qeyd edib ki, iyunun 5-də, saat 13 radələrində hamamda yuyunarkən Xalidin səsini eşidərək çölə çıxıb: “Xalidin əlində ağac olduğunu görərək həyətə qaçdım. Bu zaman Xalid şüşəni sındıraraq hər iki əlində olan şüşə parçası ilə arxamca gəldi. Mənim bədənimi doğramağa başladı. Bədənimin müxtəlif yerlərinə xəsarətlər yetirməkdə davam etdi. Mən qışqırmağa başladım. Bu zaman Xalid saçımdan tutaraq dartdı və yerdən kubik daş götürərək başıma vurmaq istəyəndə qolumu qabağa verdiyimdən daş qoluma xəsarət yetirdi. Mən qan içində özümdən getdim. Həmin vaxt səsə qonşular gəldi və məni Xalidin əlindən aldılar”.
Zərərçəkmiş deyib ki, daha sonra qonşusu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və hadisə barədə məlumat verib: “Polis əməkdaşları yaşadığım ünvana gəldilər. Sonra Xalidin barəsində Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Saatlı rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Xalid 1 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


