Beyləqan rayonunda 1992-ci il təvəllüdlü Qulu ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəsrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 31-də, gecə saat 3 radələrində Beyləqan rayonunnun kəndlərindən birində baş verib.
Qulu həyat yoldaşı Nəsrin ilə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı onu qəsdən şillə, yumruq və təpiklə vurub.
Hadisəni törədən Qulunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qulu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Beyləqan rayonunun kəndində qeydiyyatda olmaqla yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur:
“Nəsrin həyat yoldaşımdır, aramızda ədavət və düşmənçilik yoxdur. Nəsrinlə 2015-ci ildə ailə həyatı qurmuşam. Birgə nikahımızdan 2 uşağımız anadan olub. Mən fəhlə işləyirəm və evinin qarşısını təmir etmək üçün bir müddətdir ki, pul yığmaqla məşğulam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 31-də, gecə saat 1 radələrində işdən evə gəlib və pulunu sayarkən pulun əskik olduğunu görüb:
“Nəsrindən pulun harada olduğunu soruşdum. Lakin Nəsrin cavab vermədi. Buna görə də ona söyüş söydüm. Nəsrin də mənim ünvanıma söyüş söydü. Bu səbəbdən aramızda münaqişə yarandı. Əsəbiləşərək Nəsrinə şillə ilə sifətinə vurdum. Bu zaman Nəsrin yerə yıxıldı. Belə vəziyyətdə Nəsrinin ayaq nahiyəsinə bir neçə dəfə təpiklə vurdum. Bu vaxt qonşumuz Seymur qapımıza gələrək bizi sakitləşdirdi”.
Qulu deyib ki, daha sonra sakitləşib və yatıb:
“Gecə saat 4 radələrində yenidən səsə yuxudan oyandım. Həyətə çıxaraq qapımızda polis əməkdaşlarının olduğunu gördüm. Nəsrinin barəmdə şikayət etməsi bildirildi. Bundan sonra polislər getdilər. Mən isə əsəbi olduğum üçün əl damından götürdüyüm balta ilə əsəbimdən evin pəncərələrini sındırmağa başladım. Bir az sonra sakitləşərək yatdım”.
İş üzrə zərərçəkmiş Nəsrinin sözlərinə görə, mayın 31-də, gecə saat 3 radələrındə evdə olarkən Qulu evə gəlib:
“Daha sonra həyətə çıxaraq mənə yaxınlaşdı, evimizə gündüz vaxtı kimin gəldiyini soruşdu. Quluya gündüz saatlarında anamın şitillər gətirdiyini bildirdi. Bu zaman Qulu mənimlə mübahisə edərək guya evdəki pulları anama verdiyimi bildirdi. Daha sonra nalayiq sözlər deyərək üzərimə gəldi. Yumruqla və təpiklə məni vurmağa başladı. Sonra sol qolumu buraraq məni yerə yıxdı və təpiklə bədənimə vurdu. Bu zaman qonşuluqda yaşayan Seymur adlı şəxs səs-küyümüzə qapımıza gəldi və bizi araladı. Bu vaxt Qulu sakitləşdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra anasına zəng edərək hadisə barədə məlumat verib:
“Bir az sonra qapımıza a anamın məlumatı əsasında polis əməkdaşları gələrək məndən ərizə aldılar. Bu zaman Qulu da evdən çölə çıxdı. Polis əməkdaşları getdikdən sonra Qulu əsəbiləşərək evi dağıtmağa başladı. Əl damından götürdüyü balta ilə evin pəncərəsinin şüşələrini sındırdı. Bir qədər sonra Qulu yenidən sakitləşərək yatdı”.
Bu cinayət işinə Beyləqan rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Qulu aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.
Fariz Məlikli Demokrat.az


