Gündəm

Birlik və dirçəliş günü: “Azadlıq hərəkatı Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, mübarizə yolunu göstərdi”

Birlik və dirçəliş günü: “Azadlıq hərəkatı Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, mübarizə yolunu göstərdi”

Son 3 ildə şahidi olduğumuz əlamətdar hadisələr dövlətçilik tariximizin mühüm dövrlərindən birini təşkil edir. 2020-ci ilin sentyabrında yeni mərhələyə qədəm qoyan haqq savaşımız 2023-cü ilin oktyabrında öz zirvəsinə çatdı. 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildən bəri işğal altında qalan torpaqlarımız azad olundu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti, xalqımızın birlik və cəsarəti, igid oğullarımızın mətanəti və şücaəti sayəsində azad Qarabağ torpaqlarında bu gün üçrəngli bayrağımız dalğalanır. Xalq-dövlət birliyi bir daha bütün dünyaya sübut etdi ki, o torpaqların həqiqi sahibləri kimlərdir, dünya birliyi, beynəlxalq ictimaiyyət həqiqətlər qarşısında uzun illər boyu lal, kar, kor olsa da, nəhayətində ədalət öz yerini tapdı, Vətənin oğul dediyi Azərbaycan əsgəri onu öz qanı ilə bərpa etdi. Ölkə başçısının Xankəndi, Xocalı, Xocavənddə dövlət bayrağını ucaltması ilə 8 Noyabr Zəfəri taclandı. Yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi, dəhşətli soyqırıma, terrora şahidlik edən Xocalıdan 31 il əvvəlin qarlı, şaxtalı qış gecəsində ayağı yalın qaçmağa məcbur olan uşaqların başı bu gün dikdir, çünki yurdları azaddır.

Birlik və dirçəliş günü: “Azadlıq hərəkatı Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, mübarizə yolunu göstərdi”
Bu şanlı günlərə isə asanlıqla gəlib, çatmadıq. 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci ilin mart hadisələri, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiya edilməsi, erməni işğalı nəticəsində vətəndaşlarımızın qaçqın və məcburi köçkünə çevrilməsi, illərin Vətən həsrəti bu xalqın qan yaddaşıdır. Qan yaddaşı isə unudulmur. Azərbaycan xalqı da tarixini, başına gətirilən müsibətləri unutmadı, haqq-ədalət mübarizəsindən əl çəkmədi. 1988-ci ildən başlayan azadlıq hərəkatı, mübarizə bir çevriliş oldu, 17 noyabr tarixi məhz bu hərəkatın başlanğıcıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda Sovet rejiminə qarşı xalq hərəkatı təşəkkül tapdı.

Xalq mitinqlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğvini, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırmasını tələb edirdi. Bu tələblər yerinə yetirilənədək meydanı tərk etməyəcəyini bildirirdi. Hər gün yüz minlərlə insan yeridilən tanklara, düzülən əsgərlərə baxmayaraq meydana axışırdı. Gecələr meydanda qalanan tonqallar sanki mintinqə toplananların yoluna işıq saçırdı.

Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında dedi ki, 17 noyabr Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, birlik yolunu göstərdi. Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bilərəkdən xalqla birləşmək istəmədi və xalq Meydan hərəkatının qəhrəmanına çevrildi:

“80-ci illərin sonlarında Sovet İmperiyası çökməyə başladı və bundan ilk istifadə edən ermənilər oldu. 1985-ci ildə hakimiyyətə gələn Qarbaçov ilk çıxışlarında hiss etdirdi ki, erməniləri dəstəkləyir, dünya ermənilərinin fikirlərinə, təkliflərinə müsbət yanaşır. 1987-ci ildə Ümummilli Lider Heydər Əliyevi Sovet İKP MK Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad etdikdən sonra onun azərbaycanlılara münasibəti daha aydın özünü büruzə verdi. Sovet rəhbərliyi əslində SSRİ-də milli münaqişə zəminində baş verən hadisələrə kəskin reaksiya verməli, qarşısını almalı idi. Təssüflər olsun ki, Azərbaycanın tarixi torpağı olan Qarabağda Sovet rəhbərliyi muxtar qurum yaratdı. Qarbaçov hakimiyyətə gələndə ermənilərə meydan verdi ki, onlar Azərbaycandan ayrılıb, Ermənistana birləşə bilsinlər. Dünya erməniləri, Dağlıq Qarabağdakı ermənilər, daşnak partiyasının üzləri erməni lobbisi ətrafında birləşdilər. Ermənilər tarixi torpaqlarımızda öz bildiklərini etmək istəyəndə xalq ayağa qalxdı. Xalq Sovet rəhbərliyinin əsl simasını görsə də təəssüf doğuran o idi ki, xalqa rəhbərlik edəcək lider tapılmadı. Beləliklə öz içində həm hakimiyyətlə, həm sovet rəhbərliyi ilə, həm də erməni separatçıları ilə mübarizə aparmalı oldu. Meydan Hərəkatı vaxtı Heydər Əliyev kimi bir liderimiz olsaydı, Qarabağ heç vaxt işğal altına düşməzdi”.

Birlik və dirçəliş günü: “Azadlıq hərəkatı Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, mübarizə yolunu göstərdi”
Deputat vurğuladı ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan 10 milyonluq xalqı dəmir yumruq ətrafında birləşdirə bildi, düşmən darmadağın edildi. Lakin 80-ci illərdə bu güc yox idi, ona görə də mübarizə yarımçıq qaldı:

“17 noyabr Milli Dirçəliş Günü Azərbaycan xalqını birləşdirməklə bərabər, nöqsanlarımızı, çatışmazlıqlarımızı da bizə anlatdı. Anlatdı ki, ermənilər heç vaxt bizə dost olmayıb, o, türkə düşməndir, biz isə bunun əvəzinə ona dost, qardaş münasibəti göstərmişik. Meydan hərəkatı bizə dərs, məktəb oldu. Lakin hər qaranlıq gecənin bir işıqlı səhəri olur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə hakimiyyətə gəlməsi vətəndaş müharibəsini dayandırdı, düşmənə qarşı ümumi mübarizə başladı. Atəşkəs elan olundu, “Əsrin müqaviləsi” imzalandı, nəhayət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müharibədə qələbəni daddıq. 1923-cü ildə Dağlıq Qarabağda yaradılan qondarma qurum tarixin qaranlığına qovuşdu, 2023-cü ildə separatçıların son yuvası da məhv edilərək, Xankəndində bayrağımız ucaldıldı. Azərbaycan bu gün dünyanın demokratik, suveren, müstəqil, güclü dövlətlərindən biridir. Ermənistanı müdafiə edən Qərb dövlətləri nə deyir, desin, Azərbaycan öz torpağının sahibidir, təhdidlərlə ona nəsə diktə etmək mümkün deyil, çünki xalq Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşib dövləti irəli aparmağa davam edir”. Tariximizi yaşatmaq gələcək nəsillərin ümdə vəzifəsidir. Bunun təbliği isə məktəblərdən başlayır. Bu gün orta məktəblərdə şagirdlərə müstəqil Azərbaycanın tarixi tədris olunur, Qarabağda qazanılan parlaq qələbəyə “Zəfər tarixi” dərsliyində işıq salınır.

189-190 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Rzayeva da öz növbəsində sayta açıqlamasında məktəblilərə kiçik siniflərdən etibarən tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, ədəbiyyatımızı öyrətməyin, Vətənə sevgi aşılamağın önəmindən danışıb:

Birlik və dirçəliş günü: “Azadlıq hərəkatı Azərbaycan xalqına ilk dəfə onun dərdini anlatdı, mübarizə yolunu göstərdi”

“Məktəbin vəzifəsi təkcə savad vermək deyil, vətərpərvərlik hisslərinə sahib, milli ruhda böyüyən, gələcəkdə dövlətinə, xalqına fayda verəcək şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. 44 günlük müharibə bir daha bizlərə göstərdi ki, Vətənini sevən, onun uğrunda canından keçməyə hər an hazır olan, son damla qanına qədər vuruşmağı gözə alan oğullarımız olduqca dövlətimiz, ölkəmiz sarsılmayacaq, düşmən layiqli cavabını alacaq. Tariximizin önəmli günləri barədə şagirdlərə məlumat vermək, onları bilgiləndirmək hər bir pedaqoqun borcudur, həm bir müəllim, həm də bir vətəndaş kimi. Bu gün məktəblərdə tariximiz təkcə tarix dərslərində deyil, həmçinin müxtəlif tədbirlər təşkil edilərək şagirdlərə öyrədilir, onların milli ruhda böyüməsi üçün kifayət qədər işlər görülür. Şagirdlər qan yaddaşımızı, əlamətdar günlərimizi unutmurlar. Tədris ili ərzində məktəbimizdə bu məqsədlə keçirilən tədbirlər, yazı, rəsm müsabiqələri, intellektual oyunlar, yarışlar təşkil olunur, bunlar həm şagirdlərin inkişafında mühüm rol oynayır, həm də onlarda vətənpərvərlik hisslərinin formalaşmasında rol oynayır. Uşaqlar bizim gələcəyimizdir, onların sağlam ruhda böyüməsi valideynlərin, müəllimlərin, bütövlükdə cəmiyyətin qarşısında duran ən vacib məsələdir”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqamətində yayımlanır.

NE
Nihadə Eyyubova