“Direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır. Direktorlar təyin olunarkən yalnız onların bilikləri deyil, idarəçilik qabiliyyəti, təcrübəsi, eyni zamanda psixoloji vəziyyəti, keçmişi, rüşvətə meyilli olub-olmaması, xarakteri təyin olunmalıdır”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, direktor seçimində bir müddət direktor müavinlərinə üstünlük verilməlidir, çünki təcrübəsiz və idarəçi kimi işləməyən müəllim imtahan verib direktor seçilir,bu da öz növbəsində problem yaradır.
Deputatın fikirlərinə Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Elçin Muradın sözlərinə görə istənilən vəzifə - fərqi yoxdur, direktor, direktor müavini, sinif rəhbərliyi müəyyən təcrübəyə malik insanlar tərəfindən yerinə yetirilməlidir:
“Məktəblərə direktorlar təyin olunarkən onlarda bəzi bacarıqların olub-olmadığı yoxlanılmalıdır. Təhsil, dünya görüşü, şəxsin pedaqoji bacarığı yoxlanılmalıdır. İdarəçilik qabiliyyətinin olması direktor olmağa əsas vermir. Şagirdlərin, tələbələrin toplandığı mühitdə direktor olan şəxsin mütləq pedaqoji bacarığı olmalıdır. Təhsil alanlarla işləmək ilk növbədə bunu tələb edir. Direktor həm də yaxşı dinləyici olmalıdır – təhsil alan və təhsil verənlərlə ünsiyyət qurmağı, problemlərdən çıxış yolu tapmağı bacarmalıdır, yəni həm də bir psixoloq olmalıdır”.

Ekspert bildirib ki, direktorlar təyin edilərkən onların sadəcə bilik və bacarıqları yoxlanılır. Digər məqamlar arxa planda qalır, ona görə də bəzi direktorlar bir müddət sonra şagirdlərə təzyiq göstərməyə başlayırlar:
“Digər problem odur ki, məktəblərdə düzgün idarəçilik sistemi qurulmadığına görə şagirdlər arasında özbaşınalıq halları artır. Sadalanan xüsusiyyətləri özündə birləşdirən məktəb direktoru düşünürəm ki, neqativ hadisələrin baş verməsinə yol verməz. Lakin bu gün məktəblərdə şagirdlərin müəllimlərdən üstün tutulduğunu görürük. Bu da onlara müəyyən mənada rahatlıq verir. Müəllim şagirdə azca səsini qaldıran kimi bu, problemə çevrilir, qloballaşır. Çünki şagird arxayındır ki, direktor onun tərəfini saxlayacaq. Lakin direktor obyektiv olmalıdır, bu da dinləmə bacarığı tələb edir. Belə olan halda həm məktəblərdəki özbaşınalıq aradan qalxacaq, şagirdlərin müəllimlərə qarşı etikadan kənar davranışlarına son qoyulacaq, həm də müəllimlərin haqsız yerə şagirdləri cəzalandırmasına yol verilməyəcək”.
E.Murad əlavə edib ki, Elm və Təhsil Nazirliyi direktor təyini məsələsini diqqət etməlidir:
“Namizədlər bütün növ testlərdən keçməlidir. Köhnə idarəetmə sisteminə baxanda görürük ki, şagirdlər müəllimlərdən, direktorlardan çəkinir, davranışlarına diqqət edirdilər. Bu da tədrisin keyfiyyətini artırırdı. İndi şagird məktəbə əlində bahalı telefonla gəlir. Bir hadisə baş verən kimi çəkir, ictimailəşdirir. Bu da həm tədrisə mane olur, həm də müəllim adına xələl gətirir. Dərs müddətində qətiyyən telefon istifadəsinə icazə vermək olmaz. Bu məsələlərin də həllində direktorların rolu böyükdür”.
Törə Zeynallı Demokrat.az


