Sosial Özəl

"İkinci uşaqdan sonra ailəyə böyük həcmdə birdəfəlik məbləğ ayrılsın" — TƏKLİF

İkinci uşaqdan sonra ailəyə böyük həcmdə birdəfəlik məbləğ ayrılsın — TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib. O bildirib ki, Ermənistanda əksinə, doğum səviyyəsi artır. Deputatın fikrincə qələbə tarixini yazan ölkədə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir.

“Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15065 nikahdan 6920-si boşanıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”,- deyə komitə sədri əlavə edib.

Sosioloq Elçin Bayramlının sözlərinə görə, Azərbaycanda ənənəvi olaraq ailələrdə uşaqların sayı çox olub, indinin əksinə 3-5-7 hətta daha çox uşaqlı ailələr olub. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, müasir dövrdə müəyyən sosial-iqtisadi problemlər səbəbilə ailələr ən çox 2 uşağa sahib olmağa üstünlük verirlər, artıq 3 uşaqlı ailələrində sayı getdikcə azalır:

“Bu da milli genefondumuz və demoqrafik artım üçün təhlükəlidir. Xalqın varlığını davam etdirməsi üçün ailədə ən az 3 uşaq olmalıdır. Əks halda getdikcə əhali sayı azalacaq, nəsillər qocalacaq. Belə vəziyyətin hökm sürdüyü cəmiyyətdə xalqın varlığı təhdid altındadır, o, yox olmaq təhlükəsi ilə üz-üzə qala bilər.

Selektiv abortların, boşanmaların sayı ildən-ilə artır. Biz uçuruma gedirik. Abort ümumiyyətlə cinayətdir. Qanunvericilik səviyyəsində bu cinayətə əl atan şəxslər cəzalandırılmalıdır. Yeni ailə quran gənclərə dövlət tərəfindən maddi dəstək olunmalıdır”.

İkinci uşaqdan sonra ailəyə böyük həcmdə birdəfəlik məbləğ ayrılsın — TƏKLİF

Ekspert hesab edir ki, ailələrin çox uşaq sahibi olmaq istəməməsinin arxasında mənəvi-psixoloji faktorlar da dayanır:

“Əksəriyyət düşünür ki, insanların maddi vəziyyəti ağır olduğu üçün ailələrdə uşaq sayı azdır. Bəli, bu da səbəblərdən biridir. Lakin fikir versək görərik ki, çox uşaqlı ailələr elə imkansız təbəqəyə aid kateqoriya arasındadır. İki və daha çox uşağa baxmaq imkanı olan valideynlər əksinə bir uşaqla kifayətlənirlər”.

E.Bayramlı çox uşaqlı ailə modelini stimullaşdırmaq üçün sosial müdafiə paketlərinin gücləndirilməli olduğu qənaətindədir:

“Uşaqpulu bərpa edilməlidir. Gənc ailələrə xüsusilə bu məsələdə diqqət ayrılmalıdır. Uşaq doğulanda birdəfəlik böyük məbləğdə müavinət, daha sonra isə onun təhsil xərclərini, zəruri yaşam xərclərini qarşılamaq üçün müəyyən yaş həddinədək aylıq maddi vəsait ayrılmalıdır. Dövlət büdcəsi buna imkan verir. İnkişaf etmiş ölkələrin çoxunda bu təcrübə geniş yayılıb. 3 və daha çox uşağa sahib ailələrə ayrılan vəsaitin miqdarı fərqləndirilməlidir, əgər hər uşağa pul ayrıla bilmirsə, ən azından ikinci uşaqdan sonra doğulan uşaqlara birdəfəlik vəsait ayrıla bilər. Çox uşaqlı imkansız ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ev, mənzil, torpaq sahəsi, avtomobil verilə bilər. Belə olsa, gənc ailələr də çox uşaq sahibi olmaq istəyər. Elə cütlüklər var ki, çox uşaqlarının olmağını arzulayırlar, amma maddi vəziyyətləri buna imkan vermir. Beləliklə biz əhalimizi artmağa qoymuruq. Bu, milli təhlükəsizlik məsələsidir. Dövlət dərhal ciddi addımlar atmalı, proqramlar hazırlanmalı, qanun layihələri müzakirə edilib, qəbul edilməli və şəffaf icra mexanizmi qurulmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova