2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz təşkil edib. Oktyabr ayına dair göstəricilər sentyabr ayına nisbətən 100,8 faiz, keçən ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.
Qiymət artımına Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında münasibət bildirib: “Qiymətlərin qalxması normaldır, bütün dünyada belədir, vergilər artır. Təbii ki, bu,dövlət büdcəsinə daxil olan vəsaitləridə artırır. Lakin bir məsələ də var ki, bundan büdcəyə daxil olan vəsaitlərin böyük qismi siqaret, spirtli içki asılılığı olan insanların müalicəsi üçün xərclənməlidir, xəstəxanalara bunun üçünmaliyyə ayrılmalıdır. Digər ölkələrdə bu təcrübə var, yəni tütün məhsulları və spirtli içkilərdən daxil olan vəsaitin bir hissəsi bu məhsullardan asılılığı olan insanların müalicəsinə sərf olunur, onların sağalması üçün dəstək göstərilir. Bu, vacib məqamdır. Hazırda biz də bu istiqamətdə işləyirik, müzakirələr gedir. Oxşar təcrübə tətbiq oluna bilər Azərbaycanda da.
Qiymət artımı təbii olsa da bahalaşmanın çox olması qanunsuz siqaret,spirtli içki ticarətinə səbəb ola bilər. Spirtli içkilərin qanunsuz keçirilməsi bir az çətindir, amma siqareti Rusiya və Gürcüstandan gətirtmək olur”.