Sosial şəbəkələrdə tez-tez qarşımıza müəyyən ödəniş müqabilində diplom, dissertasiya işi yazan səhifələrin reklamları çıxır. Son illərdə bu tendensiya artıb – tələbələr yazı işlərini pulla başqalarına yazdırırlar. Bəziləri bu işdə özünə biznes də qurub, deyə bilərik.
Təhsil eksperti İlqar Orucov Demokrat.az-a açıqlamasında bildirib ki, həm diplom işi, həm də dissertasiya işləri müstəqil tədqiqat işləridir və tədqiqatçının savadının, intellektinin, analiz qabiliyyətinin göstəricisidir:
“Yazı işləri üçün tələblər var, bunlardan biri də odur ki, həmin iş tədqiq edən şəxs tərəfindən ilk dəfə işlənməlidir, aktual olmalı, yenilikləri özündə əks etdirməlidir. Təbiət elmlərinə aid tədqiqat işləri laboratoriya şəraitində aparılmalıdır. Mövcud ədəbiyyatlar təhlil edilməlidir, indiyə qədər aparılmış araşdırılmalara nəzər salınmalıdır. Nəticədə yeni yanaşmalar əldə olunmalı və təqdim edilməlidir”.

Ekspertin fikrincə əgər bu işləri şəxsin yerinə başqa biri yazırsa, burada heç bir yenilikdən söhbət gedə bilməz:
“Bu işləri ödəniş müqabilində yazan adamlar təbii ki, kitabxanalarda vaxt keçirmirlər, sadəcə olaraq digər resurslardan kopyalayırlar. Bu, elmi iş deyil və heç bir faydası yoxdur. Universitetlər bu məsələyə nəzarət etməlidirlər. İndi müasir proqramlar var, plagiat yazıları aşkar etmək mümkündür. “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti”nin sədri kimi deyə bilərəm ki, magistr işlərinin əksəriyyəti keyfiyyətsizdir. Universitet rektorları da bunu etiraf edirlər. İşləri elmi rəhbərlər, müəllimlər yazır və çox vaxt oxşar işlərdən köçürürlər”.
İ.Orucovun sözlərinə görə mübarizə elə həyata keçirilməlidir ki, öz yazı işini başqasına yazdıran və ya köçürməyə yol verən şəxs bunun nəticəsi olmayacağını və yazısının müvafiq elmi şura tərəfindən qəbul edilməyəcəyini bilsin:
“Tələb var ki, təklif də var. Tələbələr və digər tədqiqatçılar öz məsuliyyətlərini dərk etsələr, reklamlarla biznes quran şəxslər də olmaz.
Onu da qeyd edim ki, dissertasiya işlərini Ali Attestasiya Komissiyası yoxlayır. Komissiya plagiatla mübarizə işini son illərdə xeyli gücləndirib. Təbii ki, dissertasiya işi yazan şəxslər də bəzən köçürməyə yol verirlər, lakin Komissiya bunları qəbul etmir.
Qanuncericilik səviyyəsində də bu məsələ ilə bağlı mübarizə və cəza mexanizmi nəzərdə tutulub. Lakin yazının plagiat olduğu sübuta yetirilməlidir. İstiqamət vermək, köməklik göstərmək başa düşüləndir. Amma hazır işlərin satılmasını reklam edirlər, bu, yolverilməzdir. Bu kimi hallar dünyanın hər yerində var. Sovet dövründə də diplom işləri satılırdı. Diplom işi hər kəsə verilmir, yalnız yaxşı oxuyan tələbələrə verilir. Məqsəd tələlərdə tədqiqat bacarıqlarının artırılması, gələcəkdə tədqiqatçı kimi yetişmələrinə təkan verməkdir”.
Törə Zeynallı Demokrat.az


