Bakının Nizami rayonunda 1995-ci il təvəllüdlü Nuruş tanışı Elminə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerlşən 8-ci kilometr bazarında baş verib.
Nuruş Elminin həmin bazarda meyvə satmamağını bildirməsinə etiraz etməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan səs-küy salaraq xuliqanlıq edib, həmçinin yumruq və təpiklə Elminin sifət nahiyəsinə vurub.
Nuruşun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nuruş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat təxminən 7 radələrində 8-ci kilometr bazarında meyvə satan Elminlə aralarında mübahisə olub:
“Elmin yüksək səslə ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəblərimi cilovlaya bilməyərək yumruq və şillə ilə onun sifət nahiyəsinə vurdum. Ətrafda olan tanımadığım şəxslər bizi ayırdılar. Əməlimdən çox peşmanam”.
İş üzrə zərərçəkmiş Elminin sözlərinə görə, hadisə günü meyvə satmaq üçün 8-ci kilometr bazarına gəlib: “Həmin gün saat təxminən 5 radələrində meyvələri qarşıma düzərək satmağa başladım. Saat təxminən 7 radələrində əvvəldən tanıdığım Nuruş adlı şəxs yanıma gəldi. Nuruş yanıma gəldikdən sonra mənimlə salamlaşdı. Görüşdükdən sonra Nuruş mənə meyvələri yığışdırmağımı söylədi. Nuruşa həmin yerin icarə əsasında verildiyini bildirdim. Lakin Nuruş sözlərimə məhəl qoymayaraq əli ilə çiynimə vurdu və yeri boşaltmağımı söylədi. Nuruşun bu hərəkətindən sonra yeri boşaltmayacağımı söylədim. Bu zaman həmin şəxs anidən dəfələrlə şillə və yumruqla sifətimin hər iki nahiyəsinə vurmağa başladı. Zərbələr endirdikdən sonra yerə yıxıldım. Sonradan ətrafda olan tanımadığım şəxslər gələrək bizi ayırmağa başladılar. Ətrafda olan tanımadığım şəxslər bizi ayıran zaman Nuruş yenidən bir dəfə təpiklə sifətimə zərbə endirdi”.
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nuruş 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


