“Azərbaycan və Gürcüstan arasında münasibətlərin bu qədər inkişaf etdiyi dövrdə, Azərbaycanın Gürcüstan iqtisadiyyatına və dövlət daxilolmalarına bu qədər töhfə verdiyi bir məqamda Gürcüstanın öz ərazilərindən Fransa silahlarının Ermənistana tranzit keçidinə şərait yaratması təəssüf doğurur”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, rəsmi Tbilisinin bu addımı Azərbaycan və Gürcüstan arasında ikitərəfli və müxtəlif səviyyəli platformalarda inkişaf edən əlaqələrin ruhuna ziddir:
“Bu, həmçinin, iki ölkə arasında yaranmış etimad mühitinə zərbə vurur və diplomatik etiket qaydaları baxımından əsla qəbuledilməzdir.
Fransa Ermənistanı silahlandırmaqla Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribatlara imza atmış olur. Əslində Fransa siyasəti daim Azərbaycan və Türkiyəyə qarşı istənilən məqamda provakasiya yaratmaq üçün Ermənistanı istifadə etməyə yönəlib. Fransanın Ermənistanı silahlandırması bölgədə yeni gərginlik ocaqlarının yaranması, həmçinin Ermənistan vasitəsilə Rusiya və regionun digər ölkələrinə qarşı növbəti kiçik “Maydan” ssenarisini həyata keçirmək deməkdir”.
Qeyd edək ki, dünən günorta saatlarında Fransanın hərbi texnikasının Gürcüstandan keçirilərək Ermənistana aparılmasına dair görüntülər yayılıb. Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.
Gürcüstan uzun müddət idi ki, Fransa silahlarının Ermənistana tranzitindən imtina etmişdi.
Törə Zeynallı Demokrat.az


