Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Ramil ailə münaqişəsi zəminində həyat yoldaşı Nəzrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 30-da Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Ramil yaşadığı evdə arvadı Nəzrin ilə aralarında yaranmış ailə daxili şəxsi münasibətlər zəminində mübahisə zamanı əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona bədən xəsarəti yetirib.
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 13 il bundan əvvəl zərərçəkmiş Nəzrin ilə ailə həyatı qurub: “Nəzrin ilə 13 ilə yaxındır ər-arvad münasibətində olduğuma baxmayaraq onunla rəsmi nikaha daxil olmamışam. Son zamanlar maddi problemlər yarandığından yoldaşım ilə ailə daxili mübahisələr yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü axşam saatlarında Nəzrin ilə aralarında yenə də mübahisə baş verib: “Mübahisə zamanı Nəzrinin əl və qol nahiyələrinə əlim ilə vurdum. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, Ramil ilə 13 ildir ailəlidir, lakin əri ilə rəsmi nikaha daxil olmayıb: “Bu nikahımızda 4 azyaşlı övladımız var. Hadisə baş verən günü, axşam saat 21.30-da birgə yaşadığımız evdə Ramil ilə aramızda mübahisə düşdü. Mübahisəyə səbəb Ramilin ailəyə baxmaması və başqa qadınlarla münasibətdə olması olub. Mübahisə zamanı Ramil bədənimin müxtəlif nahiyələrinə əli ilə vurdu. Mən xəsarət aldım”.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


