Qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlarsalınacaq. Demokrat.az xəbər verir ki, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarına tarix fənnindən Azərbaycan ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı tapşırıqlar salınacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Deputat Anar İsgəndərov Demokrat.az-a açıqlamasında bu qərarı müsbət dəyərləndirib:
“Antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının tarixində ən önəmli və yaddaqalan hadisələrdən biridir. 30 illik işğaldan və 100 illik qondarma qurumun süqutundan sonra Azərbaycan ilk dəfə bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bundan böyük hadisə ola bilərmi?! Ona görə də Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə keçiriləcək qəbul imtahanalarına antiterror tədbirləri ilə bağlı suallar salması yerində verilmiş qərardır. Yaşadığımız tarixi abituriyentlərin, gələcək tələbələrin bilməsi son dərəcə mühümdür.
Azərbaycanın dövlət başçısı çıxışlarının birində deyib ki, zaman gələcək Ermənistanla aramızda qonşuluq münasibətləri yaranacaq, yaranmalıdır da. Amma tarix boyu ermənilərin bizə qarşı törətdiklərini əsla unutmamalıyıq. Dərsliklərdə, kinolarda, əsərlərdə tarixi faktlar öz əksini elə tapmalıdır ki, heç bir azərbaycanlı düşmənin məkrini yaddan çıxarmasın”.
Törə Zeynallı Demokrat.az


