Sosial Özəl

“Tibb və kənd təsərrüfatına aid sahələr mühəndislik ixtisası ilə birbaşa əlaqəlidir” — Marağı necə artıraq?

“Tibb və kənd təsərrüfatına aid sahələr mühəndislik ixtisası ilə birbaşa əlaqəlidir” — Marağı necə artıraq?

Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib ki, yerli universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahələrdir. Azərbaycanın bu qədər diplomata ehtiyacı yoxdur. Daha çox ehtiyacımız olan mühəndislik və kənd təsərrüfatı ixtisaslarıdır.

Deputatin fikrincə, Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğunlaşmır:

"Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir" – o əlavə edib.

Deputatın fikirlərinə münasibət bildirən təhsil eksperti Adil Vəliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, universitetlərin bakalavriat dərəcəsində beynəlxalq hüquq ixtisası yoxdur:

“Hüquqşünaslıq ixtisası var, Azərbaycan və ingilis dillərində və cəmi 6 universitetdə tədris olunur. Beynəlxalq münasibətlər ixtisası isə hər iki dildə olmaqla ümumilikdə 14 universitetdə tədris olunur”.

Ekspertin sözlərinə görə, beynəlxalq münasibətlər ixtisasına qəbul olanların keçid balı heç də yüksək deyil:

“Orta göstəricidən də aşağı bal toplayanlar bu ixtisasa qəbul ola bilir. Məzunların ortalama göstəriciləri isə heç də ürəkaçan olmur. Beynəlxalq münasibətlər ixtisasını bitirirlərsə, bu o deməkdir ki, onların xarici dil bacarıqları, intellektual yanaşmaları daha yüksək olmalıdır. Təəssüflər olsun ki, bunu görə bilmirik.

“Tibb və kənd təsərrüfatına aid sahələr mühəndislik ixtisası ilə birbaşa əlaqəlidir” — Marağı necə artıraq?

Hüquq ixtisasına qəbulda keçid balı 6 universitetin hamısında demək olar ki, çox yüksəkdir. Hər abituriyent qəbul ola bilmir və məzun olmaq da daha çox çalışmağı tələb edir. Düşünürəm ki, bu ixtisas üçün 6 univetsitet yetərlidir”.

A.Vəliyev onu da bildirib ki, mühəndislik və kənd təsərrüfatı hazırda dövlətin prioritet hesab etdiyi ixtisaslardır:

“İnkişaf etmiş ölkələrin təcrübəsinə baxanda aydın olur ki, tibb və kənd təsərrüfatına aid sahələr mühəndislik ixtisası ilə birbaşa əlaqəlidir. Hazırda Gəncə Aqrar Universitetində bu sahəyə daha çox diqqət ayrılır. Lakin fikrimcə gözlənilən nəticələri əldə edə bilmirik. Kənd təsərrüfatına aid ixtisaslara tələbələri yönləndirmək üçün fərqli addımlar atılmalıdır. Aşağı bal toplayan tələbə dövlət sifarişi əsasında Aqrar Universitetə qəbul ola bilir, təqaüd də alır, ancaq ona gələcəkdə iş imkanları haqqında məlumat vermək lazımdır. Tələbə məzun olduqdan sonra da işini sevməlidir ki, onu öz ixtisası üzrə işlərə cəlb edə bilək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova