“Azərbaycan qonşuları arasında münasibətlərin pisləşməsindən maksimum istifadə etməyə çalışacaq. Son 30 ildə ilk dəfə Rusiyanın açıq şəkildə Ermənistanı müdafiə etməməsi bizim üçün yeni fürsət yaradır. Eyni zamanda Azərbaycan dövlətinin fəaliyyəti birbaşa Paşinyan hakimiyyətini əleyhinə yönəlməyəcək. Çünki belə olan halda revanşist qüvvələrin, cinayətkar Köçəryan-Sarkisyan qrupunun hakimiyyətə gəlməsi maraqlarımıza xidmət etmir”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. O qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik Ukrayna ssenarisinin bu dəfə Cənubi Qafqazda təkrarlanmasına gətirib çıxara bilər:
“Paşinyan məxməri inqilab nəticəsində hakimiyyətə gəlib. Onun hakimiyyətinin Rusiya üçün Zelenski, Maya Sandu və ya Saakaşvili hakimiyyətindən heç bir fərqi yoxdur. Paşinyanın şəxsinə yanaşma da eynidir. Hakimiyyətə gəlməsinə dəstək olan qüvvələr, xüsusilə Qərbdəki liberal sol qüvvələr onun qarşısına məqsəd qoyublar ki, Ermənistan Rusiyadan uzaqlaşmalı, Qərbə inteqrasiya etməlidir. Paşinyan da bunu həyata keçirməyə çalışır. Qarabağdan köçən ermənilərlə bağlı Paşinyanın tutduğu mövqe onu göstərir ki, Ermənistan nə bahasına olursa, olsun, öz kursundan dönməyi düşünmür. Bu da təbii ki, Rusiyanı qıcıqlandırır. 
Vaxtilə Ukraynada Zelenski hakimiyyətinə qarşı başladılmış legitimlik məsələsi Ermənistana qarşı da başladılır. Münasibətlərin gərginləşməsi ilə bölgədə Ukrayna ssenarisinin təkrarlanması mümkündür”.
Törə Zeynallı Demokrat.az


