Son illərdə Azərbaycanda keysəriyyə əməliyyatlarının sayı artıb.
Demokrat.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2010-cu ildə bu rəqəm 22746, 2015-ci ildə 45942, 2020-ci ildə 49897, 2022-ci ildə isə 53267 olub.
Ümumdünya Səhiyyə Təşkilatı təbii doğuşa üstünlük verilməli olduğunu bildirsə də keysəriyyə əməliyyatının sayında artımlar tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Həkimlər hamilələrə təbii doğuşu məsləhət görsələr də ölkədə seçim könüllü olduğu üçün əməliyyata üz tutan qadınların sayı artmaqdadır. Təbii ki, burada tibbi göstəriş istisnadır.
Demokrat.az-a açıqlamasında keysəriyyə əməliyyatının fəsadlarından danışan ginekoloq Təranə Həsənovanın sözlərinə görə, istənilən əməliyyatın mənfi tərəfi olduğu kimi keysəriyyənin də riskləri var:
“Əməliyyat zamanı və ya əməliyyatdan sonra qanaxma ehtimalı, yaranın, qarın boşluğunun iltihablaşması, yaranın ikincili sağalması kimi problem yarana bilər. Əməliyyat normal vaxtında aparılmalıdır. Əgər 37-ci həftədən başlayaraq 40 və ya 41-ci həftəyə qədər olan müddət ərzində aparılarsa, körpədə xüsusi bir fəsad izlənilməyəcək, hamiləlik normal davam edibsə. Bu zaman döl ciddi travma almır. Lakin hamiləlik fəsadlıdırsa və əməliyyat vaxtından əvvəl aparılıbsa, şübhəsiz, fəsadlar olacaq. Belə olan halda körpə küvəzə yerləşdirilir və ona lazımi tibbi yardım göstərilir”.

Maraqlıdır, qadınlar niyə keysəriyyəyə üstünlük verirlər?
T.Həsənova bu məqama da aydınlıq gətirib:
“Tibbi göstəriş olmadan təbii doğuş deyil, keysəriyyə əməliyyatı istəyən qadınlardan dəfələrlə səbəbini soruşuram. Bunu bir neçə səbəblə izah edirlər. Ən birinci cavab bu olur ki, doğum ağrıları uzun çəkir, dözə bilmərəm. Sual verirsən ki, bəs sənin anan, nənən necə doğub, sən onların genetikasını daşımırsanmı? Deyirlər ki, onların dövrü başqa, indiki dövr başqa. İzah edəndə ki, əməliyyatdan sonrakı dövrdə ağrıkəsici vurulmasa, ağrılara dözmək mümkün deyil, doğuş ağrısı bundan daha yüngül sayıla bilər, yenə də fikirlərindən dönmürlər. Keysəriyyə ilə uşaq dünyaya gətirən qadınlar ətrafındakılara da bunu məsləhət görürlər. Fikrimcə, bu, sanki, dəb halını alıb, “qonşudan geri qalma” məsələsi. Digər bir səbəbsə uşaqlıq yolunun genişlənməsidir. Qadınlar daha sonra vaginoplastika əməliyyatı etdirmək istəmir, keysəriyyə ilə bu problemdən də yan keçmək istəyirlər.
Keysəriyyənin normal doğuşu üstələməsi sadəcə dəhşətdir. Dövlət müəssisələrində normal doğuşlar daha çox aparılır, özəl xəstəxanalarda isə hər 10 qadından 9-u əməliyyatla körpəsini qucağına alır. Gələcəkdə keysəriyyənin birinci yerdə dayanacağına şübhə etmirəm”.
Törə Zeynallı Demokrat.az


