“Yüksək texniki peşəyə malik insan resursu əslində dövlətin əsas prioritlərindən biri olmalıdır. Dövlət əmək bazarını qabaqcadan proqnozlaşdırmalı və təhsil subyektləri qarşısında konkret tələb qoymalıdır. Universitetlər də məhz qəbul planlarını bu tələbə uyğun qurmalıdırlar”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib. Onun sözlərinə görə hazırda Elm və Təhsil Nazirliyi və bir sıra digər qurumlar şagird və tələbələri əmək bazarına uyğun daha çox peşə yönümlü ixtisaslara yönəltməyə çalışırlar:
“Lakin nəticə dəyişməz olaraq qalır, peşə yönümlü ixtisaslara marağı kütləviləşdirmək hələ ki, mümkün olmayıb. Bunun başlıca səbəblərindən biri hüquq, maliyyə, beynəlxalq münasibətlər, idarəetmə, iqtisadiyyat kimi ixtisasların cəmiyyət arasında daha "prestijli" sayılmasıdır. Tələbələr fəxrlə maliyyədə oxuyuram deyə bilmək üçün yaxın gələcəyi düşünmədən kütləvi şəkildə bu ixtisaslara üz tuturlar. Bunu nəzərə alan özəl və dövlət universitetləri də plan yerlərində bu ixtisaslara üstünlük verirlər”.
Ekspert bildirib ki, peşə təhsilinə marağın az olmasının səbəblərindən biri də odur ki, hansısa işə qəbul olanda tələbənin diplomundan çox həmin sahə üzrə bacarığı əsas götürülür:

“Buna görə də peşə məktəbləri əmək bazarında rəqabətə davamlı, kağız üzərində deyil, real praktiki bacarığı olan əsl mütəxəssis yetişdirməlidir. Belə olanda müəssisələr diplomlu şəxslərə daha çox etimad edib, işlə təmin edəcəklər və bu da özü-özlüyündə peşə təhsilinə marağı artıracaq”.
Qeyd edək ki, bir müddət əvvəl deputat Rüfət Quliyev də Demokrat.az-a açıqlamasında bu məsələyə toxunub. O deyib ki, ali təhsilin rol oynamadığı bir çox peşə növləri var, lakin gənclər həmin istiqamətlərə yönəlməkdə maraqlı deyillər.
Törə Zeynallı Demokrat.az


