Bu gün Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana ilk rəsmi səfəri başlayır.
Demokrat.az xəbər verir ki, nazir səfər öncəsi Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz regionunda sülh üçün konkret təkliflər verməyə hazır olduğunu bildirib.
Berbok qeyd edib ki, Qara dənizdə sualtı elektrik kabelinin çəkilməsi layihəsi Azərbaycanla Ermənistanı yaxınlaşdıra bilər.
Nazirin fikirlərinə Demokrat.az-a açıqlamasında münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Aİ ölkələri hər zaman Azərbaycanın iştirak etdiyi beynəlxalq layihələrə Ermənistanın da qoşulmasına çalışırlar:
“Azərbaycan strateji yanaşma sərgiləyərək bütün layihələrdən Ermənistanı birmənalı olaraq kənar saxlayır. Qara dənizdə sualtı elektrik kabelinin çəkilməsi layihəsində Ermənistanın iştirakına gəlincə, o, burada yalnız bir yolla iştirak edə bilər – öz ərazisində istehsal etdiyi elektrik enerjisini Gürcüstan vasitəsilə Qara dənizin altına ötürməklə. Ermənistanda alternativ enerji mənbələrindən günəş enerjisi potensialı çoxdur. Amma bunun reallaşdırılması üçün yol Azərbaycanla sülhdən keçir. Sülh müqaviləsi bağlanmayana qədər Ermənistan birmənalı olaraq Azərbaycanın qoşulduğu bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Qara dənizdə sualtı elektrik kabelinin çəkilməsinin təşəbbüskarı da Azərbaycandır. Ölkənin alternativ enerji strategiyası özünü təsdiq etməkdədir. Azərbaycanın bu sahədə təcrübəsi var, beynəlxalq şirkətlər ölkəyə cəlb olunub. Düşünürəm ki, Ermənistan sülh müqaviləsi imzalanandan sonra bu layihəyə qoşularaq öz istehsal etdiyi elektrik enerjisini Qara dəniz vasitəsilə ixrac edə bilər”.
Törə Zeynall Demokrat.az


