Bakının Xətai rayonunda 1976-cı il təvəllüdlü Qurbanov tanışı Kamrana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Qurbanovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qurbanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Kamranı uzun müddətdir tanıyır, onunla dostluq münasibəti var: “Kamran ilə əvvəllər aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Hadisə baş verən günü, gecə saat 02.25-də yaşadığım evə gedən zaman Kamran ilə təsadüfən qarşılaşdım. Onunla görüşən zaman Kamranın içkili olduğunu gördüm, ona axır vaxtlar çox içməyinə görə iradımı bildirdim. Həmin vaxt Kamran mənə kobud cavab verdiyindən yumruqla onun sifət nahiyəsindən vurdum. Sonra oradan getdim”.
Zərərçəkmiş Kamranın sözlərinə görə, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.
Xətai rayon Məhkəməsinin hökmü ilə Qurbanov 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


