Kriminal Özəl

“Gilan Holdinq”ə işə düzətmək adı ilə vətəndaşa 6100 manatlıq dələduzluq edildi

“Gilan Holdinq”ə işə düzətmək adı ilə vətəndaşa 6100 manatlıq dələduzluq edildi

Bakının Qaradağ rayonunda 1983-cü il təvəllüdlü Sənan “Gilan Holdinq” işə düzəltmək adı ilə Namiq adlı şəxsə dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sənan tanışı Namiri “Gilan Holdinq”də Texniki Təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin ediləcəyi barədə qəsdən yalan məlumat verib.

Sənan Namiqin etibarından sui-istifadə edib. 2020-ci ilin iyun ayının sonlarında Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının yaxınlığında 3000 manat, 2020-ci ilin iyul ayının əvvəllərində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Aqrovest“ Ticarət Mərkəzinin qarşısında 3100 manat olmaqla ümumilikdə 6100 manat məbləğində pul vəsaitini ələ keçirib.

Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Namiqi uzun müddətdir tanıyır, aralarında yaxın münasibət olub: “2020-ci ilin iyun ayında Namiq mənə müraciət edərək işlədiyi yerdə ixtisara düşdüyünü, ona kömək edib həmin təşkilata işə düzəlməyə köməklik etməyimi xahiş etdi. Namiqə işə düzəlməyimə köməklik edəcəyimə söz verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin iyun ayının axırlarında metronun 28 May stansiyasının yaxınlığında Namiqlə göruşüb: “İlkin olaraq işə düzəldilməsi üçün ondan 3000 manat pul aldım. Aradan təxminən on gün keçmiş Namiq mobil telefonla zəng edərək işi ilə maraqlandı və lazım gələrsə əlavə olaraq 3000 manat pul verəcəyini də söylədi. Biz razılaşdıq və həmin gün Lökbatan qəsəbəsində yerləşən “Aqrovest“ Ticarət Mərkəzinin qarşısında görüşdük. Namiq mənə 3100 manat pul verdi. Pulu aldıqdan sonra pandemiya ərəfəsi olduğu üçün Namiqə vəd verdiyim işə düzəldə bilmədim. Ondan aldığım məbləği öz maddi ehtiyacım üçün xərclədim”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini deyib. O, əlavə olaraq bildirib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın 25 faizi miqdarında dövlət nəfinə ödəniş edib. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Namiqin sözlərinə görə, Bakı şəhərində yerləşən “Gilan Holdinq”in layihəsində menecer vəzifəsində işləyib: “2020-ci ildə işlədiyim “Gilan” Holdinqdə işdən ixtisar olundu. Təqsirləndirilən Sənanı təxminən uzun müddətdir ki, tanıyıram. İşdən çıxarılan zaman Sənan mənə işlədiyim şirkətin rəhbəri ilə arasının yaxşı olmasını, məni işə geri qaytara biləcəyini söylədi. Ancaq bunun müqabilində 3000 manat pul lazım olacağını da bildirdi. İşsiz olduğum üçün ona inanıb razılıq verdim”.

Zərərçəkmiş deyib ki, 2020-ci ilin iyun ayının axırlarında 28 May metro stansiyasının yaxınlığında Sənanla görüşüb və ona 3000 manat verib: “Bundan sonra Sənan getdi. Təxminən 10 gün keçdikdən sonra işin nə yerdə olduğunu soruşmaq üçün Sənanın istifadəsində olan mobil telefon nömrəsinə zəng etdim. Bu zaman Sənan işin düzəlməyi üçün əlavə 3100 manat lazım olduğunu söylədi. Lökbatan qəsəbəsində yaşadığım üçün Sənanla qəsəbədə yerləşən “Aqrovest” Ticarət Mərkəzinin qarşısında görüş təyin etdik. 2020-ci ilin iyul ayının əvvəllərində “Aqrovest” Ticarət Mərkəzinin qarşısında Sənanla görüşdük, ona 3100 manat pulu da verdim”.

Zərərçəkmiş bildirib ki, daha sonra təqsirləndirilən şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb və işin nə yerdə olduğu ilə maraqlanıb: “Bu zaman Sənan müxtəlif bəhanələr gətirərək tez bir zamanda işə başlayacağımı söylədi. Lakin aradan 6 ay keçməsinə baxmayaraq Sənan verdiyi vədə əməl etməyərək vəd etdiyi işi yerinə yetirmədi. Məndən aldığı pulu da qaytarmadı. Bundan sonra məcbur qalaraq polis orqanına şikayət etdim”.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Sənanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova