"Cinayətkarlıqla birgə mübarizə və türk dövlətlərinin maliyyə tədqiqat orqanları arasında məlumat mübadiləsinə dair sazişin imzalanması vacibdir”.
Demokrat.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında əsas məruzə ilə çıxışında bildirib.
O qeyd edib ki, türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir:
"Dünyada vəziyyət qeyri-sabit olaraq qalmaqdadır. Hazırkı narahat vəziyyətdə türk xalqlarının birliyini möhkəmləndirmək vacibdir. Bu, ümumi təhlükəsizliyimizin etibarlı təminatıdır. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm, miqrasiya ilə əlaqəli çağırışlar artmaqdadır. Bu kimi təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilməlidir", - deyə o əlavə edib.
Qazaxıstan Prezidentinin irəli sürdüyü məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Demokrat.az-a açıqlamasında deyib ki, türk dövlətləri arasında belə bir sazişin imzalanması müsbət hal kimi dəyərləndirilə bilər:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Qanunsuz silah, narkotik ticarəti, terrorizmin, ekstremist meyillərin qarşısının alınmasında birgə əməkdaşlıq fayda verə bilər, deyə düşünürəm. Bu istiqamətdə koordinasiyanın gücləndirilməsi və məlumat mübadiləsinin artırılmasına ehtiyac var. Bu gün bəzi türk dövlətləri arasında ikitərəfli sazişlər mövcuddur. Müvafiq sahədə ümumi bir sazişin olmasına da ehtiyac duyulur. Qazaxıstan Prezidentinin irəli sürdüyü məsələnin aktuallığını nəzərə alsaq, bunun müzakirə edilməsi və əməli addımlar atılması TDT çərçivəsində əməkdaşlığın güclənməsinə də təkan verə bilər”.
Törə Zeynallı Demokrat.az


