Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının genişləndirilməsi Brüsseldə müzakirə olunacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri məlumat verib. Müşahidə Missiyasına daxil ölkələrin 27-ə çatdırılması düşünülür.
Siyasi şərhçi Tural Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda Ermənistan rəsmiləri də Ermənistan-Azərbaycan sərhədində sakitliyin olduğunu, hər hansı ordu cəmləşməsi olmadığını etiraf edirlər.
"Bu halda sual yaranır ki, niyə Aİ sərhəddə Müşahidə Missiyasının fəaliyyətinin uzadılması və tərkibinin genişləndirilməsi barədə düşünür? Demək ki, Aİ-nin məqsədi öncədən bölgədə eskalasiyanın artması və Ermənistanın təhlükəsizliyinə təhdid təəssüratı yaratmaqla buradan çıxmaq niyyətində olmadığını göstərir. Daha çox dövlətin marağı olanda Missiyanın fəaliyyətini sorğulamaq da qəlizləşir.
Digər maraqlı məqam Kanadanın da bu tərkibə qoşulmasıdır. Son zamanlar Kanadanın aktivliyinin də kökündə bu dayanır. Qafan şəhərində də konsulluq açmaq niyyətindədir. Bu da onu deməyə əsas verir ki, məqsəd Cənubi Qafqazda Aİ çərçivəsində maraqlarını təmin etmək, həmçinin nəqliyyat qovşaqları açılacağı halda gələcəkdə meqalayihələrdən faydalanmaq və birbaşa nəzarəti saxlamaqdır.
ABŞ hələki uzaqdan prosesləri izləsə də gələcəkdə Aİ və Kanada vasitəsilə bölgəyə təsir imkanlarını artıra bilər".
Törə Zeynallı Demokrat.az


