Bakının Nəsimi rayonunda bir nəfərin öldürməkdə, bir nəfəri yaralamaqda ittiham olunan Orxan Zeynalov və İlqar Abdurəhmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, bu ilin martın 16-da, gecə saat 3 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon Prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə təqsirli bilinən Orxan Zeynalov və İlqar Abdurəhmanov həbs ediliblər.
Xatırladaq ki, Cəsarət Vəliyev və Camal Həsənov Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar.
Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Fariz Məlikli Demokrat.az


