Hadisə Özəl

Zərərçəkmiş: "Vaqif Xaçaturyana ömürlük cəza verilsin"

Zərərçəkmiş: Vaqif Xaçaturyana ömürlük cəza verilsin

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmişlər ifadə verir.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev bildirib ki, zərərçəkmişlər Əli Mehrəliyev və Sədaqət İsmayılova teleqram göndərib.

Onlar prosesdə iştirak edə bilmədiklərini qeyd ediblər.

Zərərçəkmişlər Vaqif Xaçaturyana ağır cəza istəyiblər.

Daha sonra ifadə verən zərərçəkmiş Nurəddin Salmanov sözlərinə görə, ermənilərin kəndə hücum etməsi nəticəsində xəsarət alıb.

O deyib ki, hücum edənlər onları qıracaqları ilə hədələyiblər. Zərərçəkmiş deyib ki, Vaqif Xaçaturyanın rəhbərlik etdiyi dəstə kəndə hücum edib:

"İki güllə yarası almış zərərçəkmiş kimi məhkəmədən xahiş edərəm ki, Vaqif Xaçaturyana ömürlük cəza verilsin. Hadisə zamanı bacım Bəyim yaralanıb, nənəm Sürayə başından aldığı güllə yarası alması nəticəsində ölüb. Həmin hücum edənlərin əksəriyyətindən çoxu Badara kəndinin sakinləri olub. Vaqif Xaçaturyan, Valeriya və digər şəxslər olub. Çoxlarının adını bilmirəm. Vaqif Xaçaturyan orada olub, iştirak edib. Valeriya, Armayis, Vaqif dəstənin başçısı olub. Vaqif Xaçaturyan birinci başçısı olub. Badara sakinləri Meşəli kəndinin sakinlərini oradan çıxarmaq istəyiblər. Dəfələrlə deyibsə ki, sizi burada çıxaracağıq, evinizi yandıracağıq. Adlarınız indi bir-bir yadıma düşür. Vaqif Xaçaturyan Meşəli kəndindəki cinayətlərin əsas təşkilatçısı olub".

Zərərçəkmiş Elşən İbadullayev bildirib ki, hadisələr zamanı uşaq olub:

"Vaqif Xaçaturyan sakinlərə zülm verib. Bizi bir dəfə yaylaqda atəşə tutmuşdular. Hadisə günü də kəndə hücum etdilər. Mikrafonla deyirdilər ki, təslim olun. Qənimət kişi təslim olmuşdu. Niyə güllələdilər. Kömək olmasaydı, bizi də öldürəcəkdilər. Sonradan könüllü batalyonun üzvləri ilə kəndə qayıtmışdılar. Evimizi, tövləmizi yandırmışdılar. İçində heyvanlarda yanmışdı. Vaqif Xaçaturyan orada olub. Ömürlük cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Niyazi İbadullayev bildirib ki, hadisə zamanı Meşəli kəndində olmayıb.

Onun sözlərinə görə, hadisə zamanı qardaşı Sabir şəhid olub:

"Mən həmin kəndin sakiniyəm. Qardaşım, bibim və digər şəxsləri maşında güllələyiblər. Qohumlarından eşitmişəm ki, Vaqif Xaçaturyan da bu hadisədə fəal iştirak edib. Çoxlarının adını çəkiblər. Ernis, Armayis da orada olub. Şikayətçiyə, ömürlük cəza verilsin".

Vaqif Xaçaturyan bildirib ki, Armayis, Ernis də Meşəli kəndində baş verən hadisədə iştirak ediblər.

Əli Behbudovun sözlərinə görə, həmin dövrdə bütün silahları onlardan alıblar, sonrakı günlərdə Vaqif Xaçaturyan və digər şəxslər kəndə hücum ediblər:

"Vaqif bizim kəndi yaxşı tanıyırdı. Bütün çığırları yaxşı bilirdi. Qohumlarını öldürdülər. Əmim yaralandı, dayım oğlu Qəniməti öldürdülər. Armayis, onun qardaşı Ernis bizə hücum etmişdilər. Mən xəsarət almamışam. Həyat yoldaşım, 2 yaşlı qızım xəsarət alıb. Onlar evin padvalında gizləndik. Kömək gələndən sonra oradan çıxdıq. Vaqif Xaçaturyandan şikayətçiyik, ömürlük cəza verilməsini istəyirəm".

Zərərçəkmiş qeyd edib ki, Meşəli kəndində hamı bu hadisəni Vaqifin dəstəsinin törətdiyini deyib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az