Gündəm

"İrəvanın kompensasiya tələbləri heç bir siyasi-hüquqi və mənəvi əhəmiyyət kəsb etmir" — Deputat

İrəvanın kompensasiya tələbləri heç bir siyasi-hüquqi və mənəvi əhəmiyyət kəsb etmir — Deputat

Azərbaycan Respublikasının Konstitusiyasının 10-cu maddəsi ilə təsbit olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi dövlətimizin altı ali niyyətindən biri kimi müəyyən etmişik. Məhz ümumbəşəri dəyərlər prizmasından baxsaq, İkinci Qarabağ müharibəsində işğala son qoyulması beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipi, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüz və sentyabrın 19-da bütün ərazilərimizdə konstitusiya quruluşunu tam bərpa edilməsi isə dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinin şərtlərini yerinə yetirilməsi demək idi. Bununla cənab İlham Əliyev əslində beynəlxalq hüququn tələblərinin aliliyini təmin etmiş oldu və dəyişən reallığı qəbul etməyən, yaxud etmək istəməyən elə birbaşa formada beynəlxalq hüququ və BMT-nin məqsədlərini inkar etmiş olur.

Lakin bildiyiniz kimi, işğala, təcavüzə son qoyulsa da, 30 il davam edən prosesin nəticələrinin aradan qaldırılması sadə məsələ deyil. İlk olaraq Qarabağ və Şərqi Zəngəzur tamamı ilə dağıdılıb, bütün infrastrukturlar, mədəni, dini abidələr məhv edilib, ekoloji mühitə bərpası mümkünsüz olan zərər vurulub, mədəni və təbii sərvətlər talanıb, bölgənin zorla qovulmuş, etnik təmizləməyə məruz qalmış sakinləri 30 il mənəvi və fiziki məhrumiyyətlərlə üz-üzə qalıb. Bu gün yeni reallıqda isə bölgənin dünyanın mina ilə ən çox çirklənmiş regionlarından birinə çevrilməsi Azərbaycan qarşısında əlavə problem kimi dayanır. Sadalanan hər bir punkt üzrə Azərbaycan dövləti məhz beynəlxalq hüququ rəhbər tutaraq təzminat tələb etmək hüququna malikdir və bu hüququmuzdan da istifadə etməkdə israrlıyıq. Artıq bu istiqamətdə ciddi işlər başlanıb və Ermənistan 30 illik işğal dönəmində Azərbaycan dövlətinə və vətəndaşlarına vurulan zərəri son qəpiyinə qədər ödəməli olacaq. Ermənistan bunu arzu edir, ya etmir, habelə, ödəmək qabiliyyətindədir ya deyil, yaxud niyyətində səmimidir ya deyil, bu bizim üçün maraqlı deyil. Necəki işğala, təcavüzə son qoyulmasına öz imkanlarımızla nail olduq, eyni güc və imkan bizə Ermənistandan haqqımız olanı almağa kafidir. Ermənistan da bunu yaxşı başa düşür və əks arqumentlər hazırlamaqla Azərbaycanın qarşısına “hazırlıqlı” çıxmaq istəyir.

Bu prosesdə İrəvan, xüsusən “Qarabağdan köçmüş ermənilər” amilindən istifadə etmək niyyətindədir. Lakin unudulmamalıdır ki, Qarabağda qanuni əsaslarla ya.ayan ermənilərin köçürülməsi Azərbaycanın yox elə Ermənistanın özünün ideyasıdır. Habelə Azərbaycan Ermənistan kimi etnik təmizləmədə maraqlı olsaydı, Qarabağ erməniləri komfort içində, bütün var dövlətini, hətta 30 il əvvəl Azərbaycanlı qonşularından da taladıqlarını rahatca çıxara bilməzdi, biz də onlarla 1992-1993-cü illərdə Xocalıda, Kəlbəcərdə, Zəngilanda azərbaycanlılarla ermənilərin rəftar etdiyi kimi davranardıq. Amma bu gün Qarabağda da, Azərbaycanın digər bölgələrində də ermənilər yaşamaqdadır və heç bir ayrıseçkilikdən söhbət gedə bilməz. Bu mənada İrəvanın kompensasiya tələbləri heç bir siyasi-hüquqi və mənəvi əhəmiyyət kəsb etmir. Bu iddiaları nəzərdən keçirəcək məhkəmə, araşdırmalara 30 illik işğal, 700 mindən artıq məcburi köçkün və 300 mindən artıq Qərbi azərbaycanlının təməl haqlarından, dəymiş və bərpası mümkün olmayan zərərlərdən başlamalıdır.

Bəhruz Məhərrəmov Milli Məclisin deputatı

NE
Nihadə Eyyubova