Kriminal Özəl

Bakıda məktəblilər arasında qanlı dava — TƏFƏRRÜAT

Bakıda məktəblilər arasında qanlı dava — TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Fərid həmyaşıdı Elcana xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 noyabr 2022-ci ildə, saat 14 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Asim İmamquliyev küçəsində yerləşən 2 saylı binanın qarşısında baş verib.

Fərid onunla eyni məktəbdə təhsil alan, 11A sinif şagirdi Elcan ilə həmin tarixdə saat 11 radələrində təhsil aldıqları, Bakı şəhəri 321 saylı tam orta məktəbin binasında aralarında baş vermiş münaqişə səbəbindən sonuncunun təşəbbüsü ilə yenidən yaranmış mübahisə zamanı özündə olan qayçı ilə ona bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər 195 saylı orta məktəbdə təhsil alıb, həmin məktəbdə sinifdə qaldığı üçün məktəbdən çıxıb və 321 saylı orta məktəbdə təhsil almağa başlayıb: “Həmin məktəbdə təhsil almağa başladıqdan 1 ay sonra Elcan mənə sataşmağa başladı. Təxminən 2 ay Elcan mənə sataşmağa davam etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü dərsdən çıxdıqları vaxt Elcan və sinif yoldaşı Məhəmməd onun yanına gəlib: “Elcan Məhəmməd adlı sinif yoldaşımı üstümə itələdi. Mən divara dəydim. Lakin heç nə demədən oradan uzaqlaşdım. Bundan sonra Məhəmmədi pilləkəndə gördüm. Məhəmməddən Elcanın mənə qarşı belə davranmasının səbəbini soruşdum. Sonra 3-cü mərtəbədə oturacaqda oturan zaman Elcan yanıma gəldi və qolumdan tutaraq ayağa qaldırdı. Elcan məni vurdu. Buna görə mən də Elcana bir neçə dəfə yumruq vurdum. Daha sonra biz aralandıq. Bir az keçdikdən sonra sinif yoldaşım mənə Elcanın ünvanıma nalayiq sözlər dediyini, məni məktəbin arxa tərəfinə çağırdığını dedi. Mən də həmin yerə getdim və Elcanla aramızda mübahisə başladı. Elcan orada tək olmayıb, yanında başqa şəxslər də olub. Həmin şəxslər məni vurmağa başladılar. Mənə çox vurulduğum üçün Elcanı qorxutmaq məqsədilə çantamda olan qayçını çıxardım və özümü müdafiə etmək üçün qayçını müxtəlif istiqamətlərdə hərəkət etdirdim. Qayçının kimə dəydiyini görmədim. Daha sonra Elcan məni divara söykədi, mənə təpiklə vurduqda Elcanın üzərində qan olduğunu gördüm”.

İş üzrə zərərçəkmiş Elcanın sözlərinə görə, hadisə günü, saat 10 radələrində məktəbin psixoloqunun yanından çıxıb: “Həmin vaxt qarşı tərəfdən gələn Fəridlə çiyin-çiyinə toqquşdum. Bununla əlaqədar sözlərimiz çəp gəldi. Daha sonra çölə çıxaraq məktəbin arxasında mübahisəmizi davam etdirərək orada dava etdik. Dava əsnasında Fərid qayçı ilə ağciyərimdən vurdu. Mən yaralandıqdan sonra xəstəxanaya aparıldım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova