Xəbər verdiyimiz kimi Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Tədbirin iştirakçılarından olan Azərbaycan – Belçika dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi ilə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə həmsöhbət olduq. Əslən Qərbi Azərbaycandan olan müsahibimiz Demokrat.az-a açıqlamasında bildirdi ki, Haaqada keçirilən beynəlxalq konfrans bu mübarizənin başlanğıcı idi:
“Ermənilər bu gün dünyanın hər yerində özlərini haqlı göstərmək üçün yalanlar uydururlar. Ermənistandan deportasiya edilən 250 min azərbaycanlının vətənlərinə qayıtması üçün bir sıra fəaliyyətlərə ehtiyac var. Konfranslar, tədbirlər keçirməklə bunu avropalıların diqqətinə çatdırmalıyıq. Ermənistan ərazisində gözümüz yoxdur, lakin azərbaycanlıların qovulduqları yerlərə qayıtmasını, sülh içində yaşamalarını istəyirik. Bu gün Azərbaycanda erməni əsilli vətəndaşlar rifah içində yaşayır. Prezident İlham Əliyevin də dediyi kimi Qarabağ erməniləri də ölkə vətəndaşlığını qəbul edib, konstitusion hüquqlardan yararlana bilərlər. Lakin sonradan Ermənistandan və ya başqa ölkələrdən gəlib Qarabağ torpaqlarında məskunlaşan şəxslərin orada yaşamağa davam etməsinə qarşıyıq, təbii ki. Haradan gəliblərsə, oraya da qayıda bilərlər”.
A.Demirçi deyib ki, dünya ictimaiyyətinə Qarabağla, Qərbi Azərbaycanla bağlı tarixi faktları çatdırmaq üçün görülən işlər davam etdirilməlidir:
“Belçikalılar Qarabağdakı vəziyyət haqqında maraqlanırlar. Hər şeyin yoluna düşdüyünü, Qarabağda qalan ermənilərin əvvəlkindən də yaxşı yaşamağa davam etdiyini, Azərbaycan dövlətinin bütün azsaylı xalqlara qarşı tolerant davrandığını diqqətə çatdırıram. Qarabağ erməniləri kənar qüvvələrin təsiri altındadır. Ermənistandakı revanşist qüvvələr, Fransa, ABŞ, xaricdəki ermənilər onları qızışdırırlar. Yaşadıqları torpağın kimə məxsus olduğunu, Azərbaycan xalqının onlarla sülh içində yaşamağa razı olduğunu gözəl bilirlər. Azərbaycan dövləti Qarabağdan köçənlərin təhlükəsizliyini təmin edir, bütün zəruri ehtiyacları qarşılanır. Əlbəttə, kütləvi şəkildə köçmələrinin də arxasında plan var. Elə bir mənzərə yaradırlar ki, guya Azərbaycan dövləti onları etnik təmizləməyə məruz qoyur, zorla yaşadıqları yerdən qovur. Məhz bu görüntününün üzərindən xətt çəkmək üçün diaspor fəaliyyəti yenidən canlanmalıdır”.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söz açan müsahibimizin fikrincə, ümumi mənafelər uğruna aparılan mübarizədə birlik gərəkdir, necə deyərlər, “tək əldən səs çıxmaz”:
“Azərbaycanda aidiyyəti qurumlar dünya ölkələrində olan diaspor təşkilatlarına, dostluq cəmiyyətlərinə, təbliğatla məşğul olan azərbaycanlılara, ayrı-ayrı təşkilatlara hər zaman dəstək göstərməlidir. Bu, fərdi şəkildə aparılacaq mübarizə deyil. Təəssüf ki, Diasporla İş üzrə Dövlət Komitəsinin II Qarabağ müharibəsindən sonra passivliyini müşahidə etdik. Hazırkı dövrdə də diaspor fəaliyyəti çox önəmlidir, dəstək olmadan nəzərdə tutduqlarımızın heç də hamısını həyata keçirə bilmirik. Düşünürəm ki, səfirliklər, Komitə bu məsələdə həssaslığını artırmalıdır. Sonuncu dəfə pandemiya dövründə Belçikada mitinq keçirdik. Lakin konfrans və ya tədbir şəklində heç bir fəaliyyət baş tutmadı. Çünki səfirlik və ya Komitənin dəstəyini görmədik. Digər ölkələrdəki diaspor təşkilatlarının fəaliyyəti barədə nəsə deyə bilmərəm, söhbət Belçikadan gedir. Müharibədən sonra heç bir ciddi strateji, dövlət maraqlarına yönəlik işlər görülmədi. Sadəcə mitinqlər, aksiyalar keçirməklə nəsə əldə etmək mümkün deyil. Parlamentdə bu məsələlər qaldırılmalıdır, bunun üçün də tarixçiləri, elm adamlarını dəvət etmək lazımdır”.
Törə Zeynallı Demokrat.az


