Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, “3+3” formatından sonra Azərbaycana qarşı təzyiqlər artacaq. O bildirib ki, buna hazırlıqlı olmalıyıq:
“Bu gün Avropa İttifaqına daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz yanaşmasını hiss edirik. Baxmayaraq ki, Azərbaycanın Aİ ölkələri ilə ticarət əlaqələri var, enerji təhlükəsizliyinə töhfə verir.
Beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün dostluq qruplarında, parlamentlərarası əlaqələr üzrə işçi qruplarında işimizi davam etdirməliyik. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz”, - deyə S.Novruzov əlavə edib.
Tehranda keçirilən görüşlə bağlı fikirlərini Demokrat.az-a açıqlayan politoloq Elşad Həsənov bu platformanın işini müsbət qiymətləndirir:
“Diqqət çəkən əsas məqamlardan biri odur ki, İranın xarici işlər naziri Abdullahian erməni həmkarı Mirzoyana qəti olaraq bildirdi ki, regionda xarici qüvvələrin olması qəbuledilməzdir. Bu, Fransanın regiona müdaxiləsini pisləyən bir mesaj idi. İran dəfələrlə bildirib ki, kənar ölkələrin Ermənistana qüvvələr yerləşdirməsi, ABŞ ilə hərbi təlimlərin keçirilməsi rəsmi Tehranın narazılığına səbəb olur. Azərbaycan və Türkiyənin də mövqeyi budur”.
Politoloqun fikrincə, region ölkələri bu məsələdə həmfikirdir:
“Regiondakı problemlərin region ölkələrinin iştirakı ilə diplomatik müstəvidə həlli qərara alındı. 9 bənddən ibarət yekun bəyanatda ölkələrin suverenliyinə hörmət edilməsi, təhlükəsizliyinin təmin olunması, münaqişələrin tənzimlənməsi, təhdidlərin aradan qaldırılması və mehriban qonşuluq münasibətlərinin davam etdirilməsi öz əksini tapdı. Azərbaycan heç bir dövlətdən asılı deyil, müstəqil siyasət yürüdür. Heç kimdən çəkinmirik. “3+3” formatı heç bir ölkəni hədəfə almır, ona görə də çəkinəcəyimiz məqam yoxdur. “3+3” formatında görüşün müsbət nəticələrinin olacağına ümid edə bilərik”.
Törə Zeynallı Demokrat.az


