Sevilən sənətkar Akif İslamzadə ermənilərlə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib. Dediklərinə görə onu qınayanlar, tənqid edənlər də tapılıb.
Müğənni Yenisabah.az-a açıqlamasında deyib ki, Çar Rusiyası hayları “erməni” adlandırdığı üçün biz də onlara “erməni” deyirik. Əslində isə haylar “ərmən” adındakı türk tayfalarının adını özününküləşdirib, özlərinə “erməni” deməyə başlayıblar:
“Bu gün biz “erməni-erməni” deyirik, amma bunlar hay tayfaları olub. Çar Rusiyası ermənilərin torpaqlarını, kilsələrini haylara verəndən sonra onlar erməni millətinin adını özününküləşdiriblər. Ərmənlər qədim xristian türkləri olub.
Tarixi araşdırmalıyıq. Gedib Moskvadakı arxivlərə baxsınlar ki, hansı əmrlər verilib, hansı məktublar yazılıb? Ermənilərin əsli türklərdir. Sözün kökünə baxın siz - Ər, Ərməniyyə. Onsuz da haylar öz dövlətlərinə Hayastan deyirlər. Axı Hayastan hara, Ermənistan hara?!”
Əslində isə...
Mövzu ilə bağlı tanınmış tarixçi alim Zaur Əliyev bəzi mühüm faktları bölüşüb. O, Demokrat.az-a açıqlamasında deyib ki, ermənilərin Qafqaza gəlməsilə bağlı ilkin məlumatlar 16-cı əsrə aiddir:
“Kiçik dəstələr şəklində Qafqaza gəliblər və 17-ci əsrdən etibarən Hindistanda yaşayan və böyük biznes əlaqələri olan ermənilər tərəfindən hissə-hissə qərbə, xüsusən də Türkiyə və Azərbaycan ərazilərinə köçürülüblər. Ermənilərin əsli Hindistanda kök salmış dörd qaraçı nəslinin birləşməsinə dayanır. Hindistanda “boşa” adlanan bir qaraçı tayfası var ki, onlar Ermənistanda rəsmi şəkildə erməni xalqının nümayəndələri kimi göstərilir. Boşalar 17-ci əsrdə Hindistandan qərbə köçürülərək İran, Türkiyə, Azərbaycan ərazisində məskunlaşıblar. Ermənilərin hüquqi status alması və özlərinə mərkəz qurması Şah İsmayıl Xətainin dövrünə təsadüf edir. O, kiçik bir dəstə olan xristian dininə mənsub ermənilərə Üçmüədzin ərazisində yaşamağa icazə verib. Orada yerləşən erməni keşişləri həmin ərazilərin bərəkətli olduğunu görüb, Hindistandan boşaları və digər dörd qaraçı tayfasını bu ərazilərə köçürməyə başlayıblar”.
Tarixçi alimin sözlərinə görə həmin tayfalar “hay” adı altında birləşib, bu coğrafiyada yaşamağa başlayıblar:
“Moisey Xorenatsi adı verdikləri uydurma bir müəllifin qələmindən ilk dəfə hayların tarixi kitabını yazıblar. Bundan sonra ermənilər kütləvi şəkildə birləşməyə başlayıblar. Nəticədə kifayət qədər sayları olandan sonra erməni keşişlər dövlət iddiası ilə çıxış etməyə başlayıblar. Qaraçı qaydalarına görə isə heç bir qaraçı tayfasının dövləti ola bilməzdi. Ermənilər bu qaydanı pozaraq Azərbaycan və Türkiyə ərazisindən özlərinə dövlət tələb etməyə başlayıblar”.
Z.Əliyev “erməni” sözünün etimologiyasına da aydınlıq gətirib:
“Erməniləşdirilən “ərmən” sözünə gəldikdə isə bu, Qərbi Azərbaycanda mövcud olmuş türk tayfalarına verilən ad olub, “döyüşçü” mənasını verir. İlk dəfə ərəblər bu termini işlədib. Bu ərazilərə gələndə ilk dəfə ər kimi döyüşən insanlar gördükləri üçün onlara “ərmənlər” deyiblər. Ərəb mənbələrində “Ərməniyyə” adında ərazilər göstərilir. Bu sadəcə ərəblərin yazdığı bir sözdür, belə adda yer olmayıb.
Haylar Qafqazda yerləşəndən sonra kilsə bu yerlərə aid məlumatları öyrənməyə başlayıb. Özlərini “erməni” adlandırıblar. Hətta 1918-ci il Batum danışıqları zamanı “Ermənistan” deyil, “Hayastan” adlı bir dövlət qurmaq istəyirdilər. Sonradan qərara gəldilər ki, dövlətlərini “Ermənistan” adlandırmaqla qədim ərəb, fars mənbələrində çəkilən “ərmən” adını özlərinə götürsünlər”.
Son olaraq müsahibimiz əlavə edib ki, ermənilərin türk genetikası ilə heç bir bağlılığı yoxdur:
“Demək olar ki, Mərkəzi Asiyadan tutmuş, Qafqaza, Anadoluya qədər mövcud olan adların böyük bir hissəsini özününküləşdiriblər. Nəyi bəyənirlərsə, özlərinə aid olduğunu iddia edirlər. Hətta guya xristianlığı ilk qəbul edən də özləri olublar, İsa Peyğəmbər də guya erməni olub. Rusiyalı, avropalı tədqiqatçılar ermənilərlə bağlı bütün faktları üzə çıxarıblar. Dünyanın ən məşhur Britaniya ensiklopediyasında da konkret olaraq yazılır ki, erməni tarixçilərinin, alimlərinin dedikləri həqiqətə uyğun deyil. “Erməni” və ya “ərmən” sözünün də haylara aidiyyəti yoxdur”.
Törə Zeynallı Demokrat.az


