Fransa Ermənistana silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib. O deyib ki, Ermənistana öz əhalisini qorumaq və sərhədlərinin mühafizəsini təmin etmək üçün imkan yaratmaq lazımdır. O, erməni həmkarı Suren Papikyanı Fransaya dəvət edib.
Silah sazişinin pərdəarxası məqamlarını Demokrat.az-a şərh edən siyasi şərçi Tural İsmayılovun sözlərinə görə, Rusiya Ermənistanın silah bazarında ənənəvi üstünlüyə malik idi, lakin artıq Hindistan onu sıxışdırır, ikinci cəbhəni isə Fransa açıb:
“Bu da öz növbəsində Fransa və Hindistanın Azərbaycana qarşı yanlış siyasətinin təzahürüdür. Ermənistanı silahlandırmaq Azərbaycana qarşı aqressiyasını daha da alovlandırmaq deməkdir.
Hesab edirəm ki, Fransa öz arsenalındakı yüksək keyfiyyətli silah və hərbi sənaye məhsullarını Ermənistana verməyəcək. Nəzərə almaq lazımdır ki, Hindistanla da mühüm müqavilədən söhbət gedirdi, amma məlum oldu ki, Ermənistana verilən sadəcə köhnəlmiş silah sistemləridir. Fransanın nələr verəcəyi hələki açıqlanmasa da güman edirəm ki, söhbət NATO səviyyəsindəki silahlardan getmir. İstənilən halda, bir mərminin belə verilməyi Azərbaycan və Türkiyəyə qarşı revanşdır və Fransa ilə münasibətlərə zərbə vurur. Bu, Makronun hakimiyyəti dövründə tavana dirənmiş münasibətləri daha da gərginləşdirəcək”.
Törə Zeynallı Demokrat.az


