Energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib ki, yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası olan “Qaradağ” istifadəyə veriləcək.
Demokrat.az xəbər verir ki, 230 MVt gücündə “Qaradağ” GES 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində ölkənin enerji balansına ildə 500 mln. kVt•saat yaşıl enerji daxil olacaq.
Enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanın enerji keçidi ilə bağlı atdığı addımlar qlobal tələb və çağırışlara cavab verir: “Azərbaycan hazırda karbohidrogen yanacaqlarının ətraf-mühitə təsirinin minimuma endirilməsi istiqamətində tərəfdaşlar şirkətlərlə birgə layihələr həyata keçirir. Eyni zamanda yeni enerji keçidi ilə bağlı alternativ və bərpaolunan enerji mənbələrindən maksumum istifadə etmək istiqamətində ciddi addımlar atılır”.
Ekspertin sözlərinə görə, yeni günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə qarşıdakı illərdə istilik elektrik stansiyalarına yönəldiləcək təbii qaz həcmləri birbaşa sərbəst həcmlərə çevriləcək və beynəlxalq ixrac potensialının artırılmasına sərf olunacaq:
“İlin 9 ayı ərzində Azərbaycanda təxminən 21,8 milyard kilovat qaz hasil edilir. Bunun 19,8 milyardı məhz elektrik enerjisi istehsalının payına düşür. Qarşıdakı illərdə həm Bakı-Abşeron, həm Qarabağ, həm Şərqi Zəngəzur, eləcə də Naxçıvan iqtisadi zonalarında bərpaolunan enerji mənbələrinin inkişafı və yeni qoyuluş güclərinin sənaye istismarına verilməsi qaz həcminə kifayət qədər qənaət deməkdir. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə həm Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir, həm də ölkədə ekoloji tarazlığın qorunmasına yardımçı olur”.
Törə Zeynallı Demokrat.az


