2023-cü ilin yanvar-sentyabr ayları ərzində təbii qazla təmin olunan 1 597 731 abonent (ümumi abonentlərin 63,4 %) 12 qəpik tarifi ilə qazdan istifadə edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuata açıqlamasında məlumat verib.
Bildirilib ki, 811 467 abonent 20 qəpik (ümumi abonentlərin 32,2%), 110 884 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 4,4%) qazdan istifadə edib.
Sosioloq Elçin Bayramlı qaz limitinin artırılmalı olduğunu vacib hesab edir. O, Demokrat.az-a açıqlamasında deyib ki, vətəndaş il ərzində limiti keçməyərək evini normal qızdıra bilməlidir:
“Elə adam var ki, 3-4 mərtəbə villası var, ehtiyac oldu-olmadı istilikdən istifadə edir. Zəhmət çəkib, pulunu versin. Üç otaqlı evi olan vətəndaşa isə il ərzində evini normal qızdıra biləcəyi qədər limit verilməlidir. Limit 2-3 dəfə artırılsa, sadə vətəndaş limiti keçməyəcək.
Azərbaycan hazırda qaz ixracını artırıb. Əldə olunan gəlirlə əhaliyə edilən güzəştləri kompensasiya etmək olar. Hesab edirəm ki, Milli Məclisdə bu məsələ qaldırılmalıdır. Qanun qəbul edilərkən əhalinin yaşayış səviyyəsi, orta aylıq əməkhaqqı nəzərə alınmalıdır. Qaza qoyulan qiymət adekvat olmalıdır, 300-400 manat maaş alan şəxs bunun yarısını qaza verməli deyil. Kommunal əlavə qazanc deyil, əhalinin yaşaması üçün bir tələbdir”.
Törə Zeynallı Demokrat.az


