Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər.
Demokrat.az xəbər verir ki, onun sözlərinə görə Rusiya münaqişənin səbəblərini İranın üzərinə atmaq cəhdlərini təxribat xarakterli addım kimi qiymətləndirir:
“İnanıram ki, İran rəhbərliyi kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur. Münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırırıq”, - Lavrov əlavə edib.
Rusiya xarici işlər nazirinin açıqlamasını şərh edən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova Demokrat.az-a bildirib ki, Fələstin-İsrail qarşıdurması artıq regional münaqişəyə çevrilib:
“Rusiya-Ukrayna savaşından sonra ABŞ ikinci bir müharibə ocağını Fələstinlə İsrail arasında alovlandırdı. Baydenin öz çıxışı ilə İsraili dəstəkləməsi və birtərəfli mövqe sərgiləməsi münaqişəni bir az da qızışdıracaq. Artıq digər dövlətlər də münaqişəyə qatılmağa başlayıb. Baydendən sonra İran prezidenti Rəisi çıxışında işarə etdi ki, İsraildə bir müddətdən sonra elə bir çaxnaşma olacaq ki, bunun qarşısını heç kim ala bilməyəcək. Bu onu deməyə əsas verir ki, İran dövləti artıq münaqişəyə qatılıb”.
Politoloqun sözlərinə görə, indiyə qədər susan ərəb dövlətləri Qəzzədə xəstəxanaya edilən hücumdan sonra İsraili qınamağa başladılar:
“Artıq bir çox dövlətlərin bu münaqişədə hansı yolu tutacağını görəcəyik. Rusiya birmənalı olaraq mövqeyini ortaya qoydu. Putin qeyd etdi ki, Fələstin dövləti çoxdandan yaranmalı idi. Münaqişənin sonunda artıq Fələstin dövlətinin varlığı dünya birliyi tərəfindən tanına bilər. Bir çox dövlətlərsə İsrailə yardım edir. Ukraynanın bir neçə şəhərinə yəhudilərin yerləşdirilməsi davam edir. Məqsəd Ukrayna ərazisində ikinci bir İsrail dövləti yaratmaqdır”.
R.Məmmədovanın fikrincə, münaqişə digər dövlətlərə də təsir edə bilər:
“Baxmayaraq ki, son zamanlarda Türkiyə İsraillə münasibətlərini normallaşdırıb, lakin Ərdoğan başda olmaqla türkiyəli siyasətçilər Fələstini dəstəkləyirlər. Misir hələki tam olaraq məsələyə rəsmi mövqe bildirməsə də fələstinlilərə yardım qapısını açıb. ABŞ və Qərb demokratiya adı altında Ukraynadan sonra ikinci bir münaqişə ocağı yaratdı. Onların demokratiyası sivilləri ölümünə səbəb olur. Təəssüf ki, bir müddət sonra antiterror əməliyyatları fonunda münaqişənin daha da qızışdığını görəcəyik”.
Törə Zeynallı Demokrat.az


