Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Ramal ailə münaqişə zamanı yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 4-cü mikrorayonda baş verib.
Ramal yaşadıqları mənzildə ailə-məişət münasibətləri zəminində baş verən mübahisə zamanı Könülün sifətinə, başına, kürək nahiyyəsinə əl zərbələri ilə vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Könül ilə 2012-ci ildə evlənib, birgə nikahlarından 2 azyaşlı qız övladları var:
“Evləndikdən sonra bu günədək ana-atam ilə eyni evdə yaşayırıq. Şəxsən özümün arvadım ilə münasibətlərim yaxşı olub. Ciddi konfliktlərimiz olmayıb. Sadəcə olaraq anam dializ və diabet xəstəsi olduğundan qəbul etdiyi dərmanlardan bir qədər əsəbi adamdır. Anam deyingən olduğundan Könül ilə gəlin-qaynana münasibətləri yaxşı olmayıb. Dəfələrlə evdə münaqişələri yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22 radələrində evdə olduqları zaman arvadı Könülün bişirdiyi yeməyə anası narazılıq edib: “Könülün anama cavab qaytarmasına görə mübahisə yarandı. Hər ikisinin sakitləşməsi üçün iradımı bildirdim. Könülü yataq otağına apardım və onu sakitləşdirməyə çalışdım. Lakin istəyimə nail olmayaraq əsəbləşdim və Könülün sifət nahiyyəsinə, belinə bir neçə zərbə vurdum. Bundan sonra ara sakitləşdi”.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, Ramalla onun münasibətləri yaxşı olub və həmişə mehriban yaşayıblar: “Lakin qaynanamın bizim şəxsi işlərimizə müdaxilə etməsi, mütəmadi olaraq mənə atmacalı sözlər atması səbəbindən evimizdə narazılıq yaranıb. Qaynanama cavab qaytardıqda ərim anasına bir söz deyə bilmədiyindən mənə narazılığını bildirib”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 22.30-da evdə olduqları zaman qaynanası azyaşlı qızına guya onun qaynanasının sevmədiyi yeməkləri qəsdən bişirdiyi barədə giley edib: “Həmçinin qızımın yanında barəmdə xoşagəlməz sözlər işlədib. Bu məzmunda sözlə mübahisələrimiz yarandı. Ərim anasına və mənə acıqlanaraq söhbəti bitirməyimizi istədi. Bu zaman qaynanam Ramala "arvadağız" olması barədə iradını bildirdi və qonaq otağından çıxmaq istəyərkən ayağı büdrədi, yerə yıxıldı. Bu zaman mən yataq otağına keçdim. Anasının yıxıldığını görən Ramal əsəbiləşdi. Yataq otağına girərək əli ilə sifət, burun nahiyyələrimə, başıma, yumruqla isə kürək nahiyəmə çoxsaylı zərbələr vuraraq döydü. Aldığım zərbələrdən burnumdan qan açıldı”.
Zərərçəkmiş deyib ki, həmin gün polisə şikayət etməyə qoymayıblar: “Bu səbəbdən də sonrakı gün Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət etdim”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Ramalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


