“Əsir və girovlarla, müharibədə itkin düşmüş vətəndaşlarımızla bağlı daha çox filmlər çəkilməli, məlumatlar yayılmalıdır. Beynəlxalq ictimaiyyət erməni barbarlığından xəbərdar olmalıdır. Bütün dünya bilməlidir ki, erməni silahlıları Azərbaycan xalqının başına nə müsibətlər gətirib”.
Bunu Demokrat.az-a I Qarabağ müharibəsində əsirlik həyatı yaşamış İlqar Hüseynov deyib. O, əsirlikdə üzləşdiyi işgənclərdən də danışıb:
“Xocavəndin Qaradağlı kəndindənəm. Kənd Xankəndi ilə Xocavənd arasında yerləşirdi, ətrafımız erməni kəndləri idi. 12 il Xocavənddə rabitədə işləmişəm, idmançı idim, həm də erməni dilini bilirdim. Ermənilərin azərbaycanlılara hücumları 80-ci illərin sonundan başlamışdı. 1992-ci ilin fevralında Qaradağlıya hücum etdilər. İki gün ermənilərlə döyüşdük. 118 nəfər idik, 25 şəhidimiz oldu. Köməksiz idik, bizi mühasirəyə almışdılar. Sağ qalanları əsir götürdülər, Xankəndiyə apardılar. Günlərlə ac-susuz qaldıq, hər gün döyürdülər. Bizi erməni əsirlərlə dəyişdirmək istəyirdilər,ona görə də öldürmürdülər. Əvəzini işgəncə verməklə çıxırdılar. Əsirlikdən cəmi 36 nəfər qayıtdı, qalanları işgəncələrdən, aclıqdan öldü. Ermənilərin verdiyi işgəncələr bu günə kimi gözümün qabağındadı. Dözülməz idi, ölmək istəyirdik ki, çəkdiyimiz əzab qurtarsın. Əməlləri insanlığa sığmır, bəşəriyyət bəlkə də belə zülm görməyib. Bibimi, əmimi, əmim nəvələrini gözümün qabağında öldürdülər. Mən, anam və qardaşım sağ qaldıq. Əsirlikdən qayıdanda çəkim 42 kiloya düşmüşdü, bel sümüyüm döyülməkdən qırılmışdı. Əsirlikdə olanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bizimlə görüşdü. Bizə ədyal verdilər ki, soyuq olmasın. Amma onlar çıxan kimi ermənilər ədyalları üstümüzdən çəkib, aldılar ki, siz elə soyuqdan ölməlisiz”.
Törə Zeynallı Demokrat.az


