“Aviasiya haqqında” yeni qanun layihəsində baqajla bağlı müddəlar da əksini tapıb.
Demokrat.az xəbər verir ki, baqaj və ya yükün itdiyi, məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyəcək. Layihəyə əsasən, baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, əvvəllər baqaj itəndə Azərbaycan Hava Yollarına müraciət olunurdu: “İtən bütün çantalar və yüklər depoya yığılır, üzərinə etiket vurulur. Baqajı itən vətəndaş mütləq şəkildə hava limanı ilə əlaqə saxlamalı və ya oraya yaxınlaşmalıdır. İtən baqaj hansı rəngdə, ölçüdədir, içində nə var, çantanın kodu və s. araşdırılandan sonra həqiqətən həmin şəxsə aiddirsə, təbii ki, təhvil verilir. Hər yerdə kamera sistemi olduğu üçün baqajın itmə ehtimalı demək olar ki, yox idi. Yeni qanun layihəsinə əsasən daşıyıcı şirkət itən və ya zədələnən baqajla bağlı birbaşa məsuliyyət daşıyacağına görə vətəndaşlara bir növ zəmanət veriləcək. Düşünürəm ki, baqajın tam dəyərinin ödənilməsi narazılıqları aradan qaldıracaq. Sərnişin özü də məsuliyyətli olmalıdır”.