Gündəm Özəl

Erməniləşdirilən sərvətlərimiz: “Artsax”, yoxsa “Ərsak”?

Erməniləşdirilən sərvətlərimiz: “Artsax”, yoxsa “Ərsak”?

Bir neçə il əvvəl 7-ci sinif “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” toponiminin qeyd olunması ictimaiyyət arasında tənqidlərə səbəb oldu. Dərslik müəllifləri isə ermənilərin “Artsax” kimi təhrif etdiyi “Ərsak” toponiminin qədim türk sözü olduğunu deyərək tənqidləri əsassız adlandırdılar.

Bir neçə gündür ki, sosial şəbəkələrdə tanınmış şəxslər yenidən mövzunu gündəmə gətirib.

Sosioloq Elçin Bayramlı qeyd edib ki, “Arsak” (Ərsak) sözünü geri qaytarmaq, Qarabağda bu adda bir kənd və ya qəsəbə salmaq lazımdır:

“Erməninin bizdən oğurladığı maddi-tarixi sərvətləri – torpaqları, mədəni və tarixi abidələri qaytardıq. İndi növbə mənəvi-tarixi sərvətlərindir. Məsələn, bizdən oğurlanmış “Arsak” (Ərsak) sözünü geri qaytarmaq, Qarabağda bu adda bir kənd və ya qəsəbə salmaq lazımdır. Daha bir kəndə və ya qəsəbəyə “Alban” adı vermək lazımdır. Kilsə adı qoyulmuş Alban məbədlərinin hamısını alban ibadətgahına çevirmək, alban toponimlərini erməni sözü kimi qəbul etməkdən əl çəkmək, öz qədim sözlərimiz olduğunu başa düşmək lazımdır”.

Yazıçı Mehriban Vəzir də məsələyə biganə qalmayıb.

Onun sözlərinə görə, tarixçilər yığışıb, bu “Artsax” nağıllarına son verməlidirlər:

“Oğru hay tayfasının dilini elmlə, tarixi dəlillərlə kəsməlidirlər. Arsax – Ərsak haqqında bütün gerçək biliklər ortaya tökülməlidir. Xalqın şüurunu kütləşdirən düşük teleproqramların yerinə gündə bir saat təkrar-təkrar coğrafiyamızın tarixi öyrədilməlidir. Hər bir azərbaycanlının Ərsak haqqında zəruri bilgisi, sözü, cavabı, iddiası olmalıdır.

Üç-beş məqalə, beş-altı proqramla olmur. Bu yöndə bütün ölkəni əhatə edən dövlət proqramları işlənməlidir. Dərsliklərə daha aydın salınmalı, daha geniş öyrədilməlidir ki, kitablarda “Arsak” sözünü görən bilgisizlər (elə hamımız) "ay haray" deyib, həşir qoparmasınlar. Azərbaycan Tarix Elmi də nəhayət öz suverenlik bayrağını ucaltmalı, dövlətin qarşısına sağlam, milli mənafeyə xidmət edən təkliflərlə çıxmalıdır”.

“Ərsak” sözünün etimologiyasından əksəriyyət xəbərsizdir, amma öyrənmək heç vaxt gec deyil.AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Demokrat.az-a açıqlamasında bəzi mühüm faktları bölüşüb:

Erməniləşdirilən sərvətlərimiz: “Artsax”, yoxsa “Ərsak”?

“Eramızın əvvəllərində Azərbaycan Albaniyası ayrı-ayrı vilayətlərə bölünmüşdü. Bu vilayətlərdən biri də “Ərsak” idi. Sözün tərkibindəki “sak” hissəciyi həmin ərazilərdə yaşayan türk mənşəli qədim sak tayfalarının adı ilə bağlıdır. Dəqiq məlumatdır ki, saklar və massagetlər eramızdan əvvəl VII əsrdə Azərbaycan ərazisində məskunlaşıb. Avropalılar sak tayfalarına skiflər deyirdi, farslar isə sak. Eradan əvvəl VII-VI əsrlərdə Sak Çarlığını yaradıblar.

Avropa dillərinə çevirəndə “ə” hərfi “a” kimi tələffüz olunur. “Ər” isə “igid” deməkdir, yəni “sak ərlərinin, igidlərinin vətəni”. Ermənilər bu sözü təhrif edib. 1991-ci ildə Dağlıq Qarabağda elan etdikləri qondarma respublikanın adına “Qarabağ” deyə bilməzdilər. Dünyaya bu sözün etimologiyası, erməniyə aid olmadığı məlum idi. Ona görə də daha az bilinən “Ərsak”ın əvvəlinə “a”, ortasına “t”, sonuna isə “x” əlavə etməklə saxtalaşdırdılar, guya erməniləşdirdilər. Təmamilə əsassızdır. Qədim Ərsak vilayətində heç ermənilər yaşamayıb. Onlar Azərbaycana kütləvi şəkildə XIX əsrin birinci yarısında köçürülüb. Ərsak sözünün də, ərazisinin də ermənilərə heç bir aidiyyəti yoxdur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova